İran ilə ABŞ və Ukrayna ilə Rusiya arasında davam edən müharibələr dünya iqtisadiyyatında kifayət qədər böyük problemlər yaradıb. Yaxın Şərqdəki münaqişə enerji bazarındakı qeyri-sabitliyə səbəb olubsa, Ukraynada davam edən müharibə isə dünya bazarında taxılın qiymətinə mənfi təsir göstərib.
NTV xəbər verir ki, Rusiya və Ukraynanın qarşılıqlı nəqliyyat infrastrukturlarına vurduqları zərbələr ilk növbədə taxıl əkini sahələrini azaldıb.
Digər tərəfdən isə Qara dəniz vasitəsilə taxıldaşıyan yük gəmiləri də pilotsuz uçan aparatları (PUA) ilə vurulur ki, bu da bazarda taxıl qıtlığı yaradıb. Bu günə kimi Rusiyanın 200 yük gəmisi Ukrayna PUA-ları tərəfindən vurularaq sıradan çıxarılıb. Bunun nəticəsidir ki, dünya bazarında taxılın 1 tonunun qiyməti 370 dollara kimi artıb.
Belçikanın “EUalive.net” nəşri yazır ki, Azov sahilindəki Taman limanı raket zərbələri ilə dağıdıldığı üçün Rusiya taxılın daşınması üçün alternativ yollar axtarır. Bu, nəqliyyat xərclərinin artmasına səbəb olacaq. Bu səbəbdən də dünya bazarında taxılın 1 tonunun qiyməti 400 dollara kimi artacaq.
Bazardakı taxıl qıtlığı ilk növbədə taxıl idxal edən Yaxın Şərq və Afrika ölkələrinə təsir göstərəcək. Yaxın Şərq dövlətləri baha da olsa, taxıl almaq imkanına malikdir. Lakin Afrika ölkələrini yaxın illərdə böhran bürüyəcək. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ukraynanın taxıl əkilən ərazilərinin bir hissəsi işğal altındadır, digər hissəsində isə hərbi əməliyyatlar davam edir. Rusiyada isə taxıl biçini başlasa da, fermerlər problemlə üzləşiblər. Ukraynanın Rusiyanın 30-dan çox neftayırma zavodunu PUA ilə sıradan çıxarması ölkədə yanacaq qıtlığı yaradıb ki, bu da taxıl biçinini ləngidir və məhsul tələf olur.
Türkiyə, Misir, İran, Yaxın Şərq və Şimali Afrika ölkələri ənənəvi olaraq Rusiya və Ukrayna taxılının idxalçılarıdır. Müharibənin nəqliyyat yollarında yaratdığı maneələr bu dövlətlərdə bahalaşmanın olacağını deməyə əsas verir.
