Dünya var olandan dünyaya yar olan insan! Nə təzadlıdır taleyin...
Gah öndərsən, cığır açırsan, yol göstərirsən, dərs keçirsən işığa sənin tək təşnələrə. Möhtəşəm sənət nümunələri yaradırsan, mənsub olduğun soyunu, kökünü yaşadırsan, sonda sən də tarix olursan. Gah da boynu bükük aşiq, taleyinə boyun əymiş dərvişsən, ey insan...
İnsan var unudulur xalqının yaddaşında,
İnsan var adı gəzir vətənin hər daşında
Adını vətənin daşına, qayasına, otuna, çiçəyinə, havasına, suyuna yazan vətən oğullarından biridir Bəhruz bəy Kəngərli. Adını hər zaman rəğbətlə andığımız vətənpərvər rəssamdır. Naxçıvanlı rəssamların atası, ustadı titulunu şərəflə daşıyan 133 yaşlı ağsaqqal, dünyaya 30 yaşında vida edən nakam gəncdir Bəhruz bəy Kəngərli.
Bir göz qırpımında keçdi ömrü. Doğuldu, xəstəliyə inad təhsil aldı, ilhamlandı, yaratdı. Bir də gördü ki, vədəsi dolub. Ölüm 30 yaşında onu haqladı. Amansız ölüm aman vermədi, rəhm etmədi. Təsəlli isə ömrünü hədər yaşamaması idi.
Bəhruz bəy Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvanda dünyaya göz açıb. Əsl adı Şamil olan Bəhruz hələ iki aylığında ikən anası Əziz xanım dünyasını dəyişib, Bəhruzu analığı Şirin xanım böyüdüb. Atası şəhərdə tanınmış ziyalılardan olan Şirəli bəy Kəngərli idi. Rus və fars dillərinə yaxşı bələd olan Şirəli bəy şəhər məhkəməsində tərcüməçi vəzifəsində çalışırdı. Avropa və Şərq ədəbiyyatı ilə yaxından tanış olan Şirəli bəyin arzusu oğlu Şamili ziyalı kimi yetişdirmək idi. Fəqət körpə ikən düçar olduğu yatalaq xəstəliyi Şamilin eşitmə əngəlli olmasına gətirib çıxardır. Lakin eşitmə əngəlli olması onu yolundan saxlaya bilmir. Oxuduğu rus-tatar məktəbində təhsilini yarımçıq qoymağa məcbur olsa da, ruhdan düşmür. “Molla Nəsrəddin” jurnallarındakı karikaturaların balaca oğlu tərəfindən birəbir kağıza köçürüldüyünü görən Şirəli bəy Şamili Tiflisə aparmaq qərarına gəlir. Onu bu qərarı verməyə sövq edən dövrünün tanınmış aydını Eynəli bəy Sultanov idi. Eynəli bəy həm Şirəli bəyin dostu, həm də əqrabası idi. Bəhruz onun gözləri önündə böyüyürdü. Beləliklə, 1910-cu ildən başlayaraq Bəhruz bəy Kəngərli Tiflisdə Rəssamlıq və Heykəltəraşlıq Məktəbində təhsil almağa başlayır. Bəhruz təxəllüsünü də elə orada götürür. Tiflis mühiti onun yetişməsinə öz güclü təsirini göstərir.
Bəhruz bəy Kəngərlinin yaradıcılığı və fəaliyyəti dolğun və çoxşaxəli olub. Bəhruz bəy Kəngərli Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, portret və mənzərə janrının inkişafına müstəsna təsirini göstərib, Azərbaycanda teatr rəssamlığının təməlini yaradıb, Azərbaycan incəsənətinə sərgi mədəniyyətini gətirib. Rəsm sənətinə verdiyi töhfələri onun adını Azərbaycan incəsənət tarixinə əbədilik həkk edib. Rəssamın milli rəssamlığımızda məqamı uca və möhkəmdir.
Bəhruz bəy Kəngərlinin bədii irsində portret janrında əsərləri xüsusi yer tutur. Realist portret sənətinin bilicisi olan Bəhruz bəy Kəngərli çəkdiyi hər bir portreti bədii obraz səviyyəsinə ucaldıb. İstər “Qaçqınlar” portret silsiləsində, istərsə də müasirlərinin naturadan çəkdiyi portretlərindəki qəhramanlar rəssamın fırçasında canlanır. Rəssam qarşısındakı obrazı oxuyur, çözür, obrazların daxili aləminə məharətli toxunuşu ilə emosional portret ərsəyə gətirir.
“Əsəd ağa Kəngərlinin portreti” (1916), “Rus dili müəllimi Mirzə Məhəmməd Zamanbəyovun portreti” (1917), “Nazlı xanım Tahirova (Nəcəfova)”(1916), “Mirzə Heydər Nəsirbəyovun portreti”(1918), “Şirniyyatçı Kərbəlayı Heydərin portreti” (1919) kimi əsərləri Azərbaycan incəsənətində portret janrının dəyətli nümunələri sırasında öz layiqli yerlərini tutur.
Uşaq portretlərinin çəkilməsində də ustad vəzifəsini üzərinə götürən Bəhruz bəy Kəngərli “Yatmış uşaq” portret silsiləsində möhtəşəm ustalıq nümayiş etdirərək körpələrin saf, təmiz dünyalarına sehirli toxunuş etməyə müvəffəq olub. Davamlı və səbrli müşahidələrin məhsulu olan bu rəsmlər rəssamın yaradıcılığına rəng qatmaqla yanaşı onun daxili dünyasının məsum yönünü də üzə çıxarmış olur.
Portret janrının maraqlı qolu olan avtoportret də məhz Bəhruz bəy Kəngərli tərəfindən Azərbaycan rəsm sənətinə gətirilən yeniliklərdən biridir. Maraqlıdır ki, dünya incəsətində kökü eramızdan əvvəllərə gedən avtoportret Azərbaycanda ilk dəfə XX əsrdə Bəhruz bəy Kəngərli tərəfindən yaradılıb. Bəhruz bəyin bizə üç avtoportreti məlumdur.
Rəssamın portret janrında yaratdığı əsərlərdən bəhs edərkən onun “Qaçqınlar” portret silsiləsinə xüsusi diqqət ayırmaq yerinə düşər. “Qaçqınlar” portret silsiləsi öz çəkisi və təsiri baxımından nəinki rəssamın yaradıcılığında, milli rəssamlığımızda xüsusi yeri və əhəmiyyəti ilə fərqlənir. “Qaçqınlar” portret silsiləsinə daxil olan hər bir sənət əsəri tarixi sənəd dəyərində olan nadir nümunədir. B.Kəngərlinin yaratdığı bu portretlər canlı və duyğusaldır. Ayrı-ayrılıqda hər bir portret bir həyat hekayəsidir. Ümumilikdə isə “Qaçqınlar” portret silsiləsi Azərbaycan xalqının həyat hekayəsinin acı səhifəsidir. Rəssam xalqın faciəsini sənətin dili ilə canlandıraraq gələcək nəslə genetik yaddaşı diri tutmağı öyrədir. Öz dədə-baba yurdlarından zorla didərgin salınaraq Naxçıvana pənah gətirmiş Qərbi azərbaycanlıların üzgün, fəqət dözümlü və təmkinli baxışlarında rəssam xalqın mübariz ruhunun oyanacağına, tarixi ədalətin bərpa olunacağına ümidini də təsvir edib. Özü xarakter etibarı ilə əzmli olan rəssam “Qaçqınlar” portret silsiləsində milli təəssübkeşliyin parlaq nümunəsini yaradıb. Bəhruz Kəngərlinin “Qaçqınlar”ı bir yandan qəlbimizi dağlasa da, bir yandan dağa döndərir
Bəhruz bəy Kəngərli milli təsvir sənətimizin novator rəssamı hesab olunur. Azərbaycanda sərgi mədəniyyətinin formalaşması Bəhruz bəy Kəngərlinin adı ilə bağlıdır. Rəssamın ilk sərgisi 1914-cü ildə Naxçıvanda açılıb. Azərbaycan rəsm sənəti tarixində ilk hesab olunan bu sərgi cəmiyyətdə maraqla qarşılanaraq, ziyalılar tərəfindən yüksək qiymət alıb.
16 iyun 1914-cü il tarixli “İqbal”, 17 iyun 1914-cü il tarixli “Kaspi”, 24 iyun 1914-cü il tarixli “Tərcuman” qəzetlərində bu mədəni hadisə qürurla yad edilib. “İqbal” qəzetinin 679-cu nömrəsində “Həman” imzası ilə xəbəri oxuyuruq: “Tiflis rəssamlıq məktəbinin şagirdi Bəhruz bəy Kəngərlinski öz çəkdiyi bir çox şəkilləri iyun ayının əvvəlindən mövqi-firuşa (satışa) qoyubdur. Tamaşa etmək istəyən zəvat pulsuz tamaşa eləyə bilərlər. Cavan rəssamımız doğrudan-doğruya gələcəkdə mayeyi-iftixarımız olacaqdır. Şayani-təşəkkür burasıdır ki, nohəvəs rəssamın qələmə aldığı rəsmlər öz həyatımızdan götürülmüş milli rəsmlərdir.”
Bəhruz bəyin ikinci sərgisi 1919-cu ildə baş tutub. B. Kəngərlinin sərgi təşkil etməsi haqqında görkəmli ədəbiyyatşünas, akademik Məmmədcəfər Cəfərovun “Həyatın romantikası” adlı kitabında oxuyuruq: “Bəhruz Kəngərli Naxçıvanda yol kənarında sərgi düzəltmişdi və yoldan keçənləri çağırardı ki, əsərlərinin sərgisinə baxsınlar, O, bir-bir əsərlərini göstərib həvəslə uşaqlara izahat verirdi: “Əl vurmaq olmaz, olmaz əl vurmaq.” Mən həmişə üzü tutqun, qaşları çatılmış olan rəssamı birinci dəfə gülümsəyən gördüm”.
Xatirələrdə qeyd olunur ki, Bəhruz bəy təşkil etdiyi sərgilərində əhali arasında incəsənətlə bağlı söhbətlər aparır, sənəti sevdirməyə can atırdı. Maraqlı burasıdır ki, Bəhruz bəy bu sərgilərdə öz əsərləri ilə yanaşı tələbələrinin əl işlərini, həmçinin gil qablar və bədii tikmələr də sərgiləyir, bir növ incəsənət bayramı təşkil edirdi. Tiflisdə aldığı təhsilin yeniliklərini, Avropalı müəllimlərindən öyrəndiklərini vətənində tətbiq etmək istəyirdi. Rəssamın Naxçıvanda rəsm məşğələləri təşkil edərək gənclərə sənətin ilk sirlərini öyrətdiyi də məlumdur. Onun tələbələri arasında Adil Qazıyev, Hüseyn Əliyev, Şamil Qazıyev, Əyyub Hüseynov, Bağır Maratlı kimi rəssamlar da var idi. Adil Qazıyev 1971-ci ildə “Qobustan” jurnalında dərc etdirdiyi məqaləsində yazır: “Kəngərli 1921-ci ildə öz əsərlərindən ibarət üçüncü sərgisinin ekspozisiyasına mənim də işlərimdən bəzilərini daxil etmişdir. Bir gün sərgiyə gəldiyim zaman Bəhruz mənə dedi ki, sənin işlərindən bir neçəsini tamaşaçılar bəyənib alıblar. Bir dəfə o mənə dedi: hər ölkənin keçmişdə sənət ustaları olmuşdur: onlar haqda kitablar da yazılıb. İndi biz ikimiz də Naxçıvan rəssamıyıq, hansımız bu dünyadan əvvəl gedərsə, digəri onun adını gərəkdir ki, əbədiləşdirsin. ”
Rəssamın sonuncu sərgisi sovet hakimiyyəti illərinə təsadüf edir. Naxçıvan İnqilab Komitəsinin təşəbbüsü ilə 1921-ci ildə baş tutan sərgidə rəssamın 500-a yaxın əsəri sərgilənib. Bəhruz bəy Kəngərli sərgidən əldə etdiyi gəlirin bir qismini Naxçıvanda uşaq evinə bağışlayıb.
Beləliklə, Bəhruz bəy Kəngərlinin Azərbaycan incəsənətinə qatqısı təkcə ərsəyə gətirdiyi dəyərli sənət nümunələri ilə məhdudlaşmır. Bəhruz bəy Azərbaycan incəsənəti tarixini yeni ideyalarla zənginləşdirən bir rəssam kimi də milli rəssamlığımızda öz yerini tutmuş olur.
Bəhruz bəy Kəngərli Azərbaycan tetr rəssamlığının əsasını qoyub. İlk təşəbbüs Əlibəy Hüseynzadə tərəfindən 1908-ci ildə Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasına səhnə tərtibatının verilməsi ilə başlansa da, Azərbaycanın ilk professional teatr rəssamı məhz Bəhruz bəy Kəngərli hesab olunur. 1912-ci ildə görkəmli rejissor Rza Təhmasibin dəvəti ilə Naxçıvan teatrında fəaliyyətə başlayan Bəhruz bəyin ilk bədii tərtibat verdiyi tamaşa Ü.Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası idi. Bəhruz Kəngərli 1918-ci ilədək Naxçıvan teatrında peşəkar rəssam kimi fəaliyyət göstərib, bu illərdə C.Məmmədquluzadənin “Ölülər”, N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, “Hacı Qəmbər”, Ə.Haqverdiyevin “Pəri-cadu”, “Dağılan tifaq”, “Ac həriflər”, N.Nərimanovun “Nadanlıq”, M.F.Axundzadənin “Hacı Qara”, Ü.Hacıbəylinin “Ər və arvad”, “Arşın mal alan” və onlarla digər əsərə və bir neçə birpərdəli pyesə səhnə tərtibatı verib, milli koloritdə geyim eskizləri, iri həcmli pannolar hazırlayıb. Təəssüf ki, bu sənət nümunələri günümüzədək gəlib çatmamışdır.
Bəhruz Kəngərlinin yaradıcılığı dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Rəssamın yaradıcılığına layiqli qiymət verilərək adı əbədiləşdirilib. Naxçıvan şəhərində rəssamın muzeyi yaradılıb. Ulu öndər Heydər Əliyev 2002-ci il iyunun 18-də muzeyin açılış mərasimində iştirak etmiş, Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirərək demişdir: “Bəhruz Kəngərlinin əsərləri Azərbaycanın rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik, fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 aprel 2012-ci il tarixdə “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” Sərəncam imzalayıb. Rəssamın 120 illik yubileyi ölkəmizdə geniş qeyd olunub, əsərlərinin tam külliyatından ibarət albom-kataloq hazırlanıb, poçt markası buraxılıb, və haqqında sənədli film hazırlanıb. Hazırada muzey fondunda ümumilikdə 1300-dən artıq eksponat mühafizə olunur. Bu eksponatlardan 391-i eksponat muzeyin ekspozisiyasında sərgilənir. Muzeydə rəssamın 61 orijinal rəsm əsəri nümayiş olunur. Muzeydə qorunan eksponatlar sırasında həmçinin rəssamın əsərlərinin fotosurətləri, fotoşəkilləri, eskiz və karikaturalarının fotosurətləri, B.Kəngərlinin həyat və yaradıcılığını əks etdirən müxtəlif sənədlər, rəssamın və ailə üvzlərinin istifadə etdikləri şəxsi və məişət əşyaları, etüd çantası, özünün və qohumlarının fotoşəkilləri, müxtəlif illərdə tanınmış fırça və tişə ustalarının B.Kəngərliyə həsr etdikləri təsviri və tətbiqi sənət nümunələri, görkəmli şəxslərin və sənətkarların rəssam haqqında fikirlərini əks etdirən yazılı iqtibaslar, çap əsərləri mühafizə edilir.
Hər bir insan mənsub olduğu xalqı ilə fəxr etdiyi kimi, hər bir millət də öz övladları ilə iftixar edir. Bəhruz bəy Kəngərli Azərbaycan təsviri sənətində xüsusi çəkisi olan bir rəssamdır. Mənsub olduğu soyunun adına ucalıq gətirən Bəhruz bəy Kəngərli qürur duyduğumuz sənətkarımızdır. İstər ana yurdunun tərənnümü, istərsə də yaşadığı dövrün ictimai-siyasi həqiqətlərini əsərlərində canlandırması bizim onu millətini sevən, həm sənətkar mövqeyini, həm də vətəndaşlıq mövqeyini cəsarətlə ortaya qoyan vətənpərvər bir rəssam olduğunu deməyimizə əsas verir.
Naxçıvan Bəhruz Kəngərli üçün dünyanın bəzəyi idi. Qəlbi yurdu ilə bir döyünürdü. Sevgisini elinin, obasının hər qarış torpağını, insanlarını, təbiətini, tarix və mədəniyyət abidələrini vəsf etməklə bildirirdi. Sevməyi nə gözəl bacarırdı! Sevgisi də onu yurdunun iftixarı etdi! Şair Zaur Vedilinin dediyi kimi:
Heyf az yaşadı o sənət zəri,
Çox vaxtsız bağlandı ömür dəftəri,
Qədim Nuh yurduna illərdən bəri,
Rəndlər dünyasında vüqardı Bəhruz.
Səbinə Əlincəli
Bəhruz Kəngərli Muzeyinin direktoru