Ulu Öndər Heydər Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş qəhrəmanı kimi

Ulu Öndər Heydər Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının  baş qəhrəmanı kimi

Qeyd-şərtsiz hər bir xalqa Tanrının ən böyük töhfəsi müstəqil dövlətçilikdir. Dövlət müstəqilliyi milli təfəkkürün, milli düşüncənin, cəmiyyət həyatında milliliyi ilə səciyyələnən bütün sahələrin, o cümlədən, milli mədəniyyətin təntənəsi deməkdir.

Bu mənada dövlət müstəqilliyinin əldə edilməsindən sonra Azərbaycanda teatr sahəsində də ciddi uğurlara imza atılması təsadüfi deyildir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı Azərbaycan teatrına dövlət səviyyəsində diqqət və qayğını bir daha təsdiqləməkdədir.  

Əlbəttə ki, müstəqil dövlətçiliyimiz dövründə Azərbaycan teatrı ciddi bir inkişaf yolu keçərək ideya – məzmun cəhətdən xeyli zənginləşib, milli – vətənpərvərlik istiqamətli tamaşaların ərsəyə gəlməsi və milli səhnəqrafiyanın çağdaş meyarlara cavab verməsi istiqamətində mühüm dönüş yolu qət edib.

Əslində, Azərbaycanda ikinci dəfə ali hakimiyyətə gələn ümummilli lider, ulu öndər Heydər Əliyev ölkə mədəniyyətinə yeni bir həyat, ruh bəxş etməklə yanaşı, öz şəxsiyyəti, dövlətçilik uğrunda mübarizəsi ilə də milli bədii – estetik düşüncəni yeniləşdirdi, zənginləşdirdi. Azərbaycan mədəniyyətinin bütün sahələri Heydər Əliyev mövzusuna üz tutmaqla dövlətçiliyin nə qədər müqəddəs olmasını gündəmə gətirdilər.

Azərbaycan teatr tarixi Heydər Əliyev obrazını canlandırmaqla ən şərəfli missiyanı həyata keçirdi. Bu sırada İrəvan Dövlət Azərbaycan Dram Teatrı da istisna deyil. 1989-cu ildən bəri öz fəaliyyətini Bakıda davam etdirən İrəvan Dövlət Azərbaycan Dram Teatrında ciddi əsərlərin səhnəyə qoyulması artıq ənənə halını alıb.

Belə əsərlərdən biri də alim-dramaturq Adil Babayevin “Xilaskar” pyesidir. İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində göstərilmiş, quruluş etibarilə orijinal rəssamlıq təfsirinə malik “Xilaskar” tamaşası 2009-cu ildə görkəmli teatr və kino rejissoru, Əməkdar incəsənət xadimi, “Qızıl Dərviş” mükafatı laureatı və Prezident mükafatçısı Oruc İzzətoğlunun rejissorluğu və bədii tərtibatçılığı ilə səhnələşdirilib.

Əsərdə ən maraqlı və ideya baxımından dolğun surət, şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndərin səhnə obrazı İrəvan Dövlət Azərbaycan Dram Teatrı səhnəqrafiyasının bədii imkanlarını əks etdirməklə bərabər, səhnə məkanının bədii həlli, rekvizit, kostyum, qrim, işıqlandırma kimi sahələrin qarşılıqlı münasibətlərində özünü dolğun büruzə verdi. Bu obraz teatrın direktoru, Əməkda r mədəniyyət işçisi İftixar Piriyevin sənətkar qüdrətini bir daha təsdiqləyib. Sənətkarın özü deyir ki, mən artıq xeyli müddət idi ki, səhnəyə çıxmırdım. Lakin əsər ilə tanışlıqdan sonra başa düşdüm ki, məhz bu rolu oynamaq üçün özümdə daxilən bir hazırlıq hiss edirəm. Həqiqətən də, ulu öndərin obrazı İftixar Piriyevin ifasında özünün çox mükəmməl bədii ifadəsini tapıb.

Tamaşanın kostyum həlli də nisbi sadəliyi ilə seçilir. Ümumiyyətlə, mövzusu müasir həyatdan götürülən tamaşalarda kostyum adətən sadə olur. Burada rəssam üçün əsas məsələ personajın geyiminin onun dünyagörüşünə, ictimai mövqeyinə uyğun gəlməsidir. Kostyumun biçimi, forması isə tamamilə müasir dövrdə olduğu kimidir.

Əlbəttə, bu ümumi prinsiplər “Xilaskar”ın kostyum həllinə müvafiq gəlib. Eyni zamanda burada müəyyən bir alleqoriya, kostyumun bədii həllində, rəngində, biçimində ifadə olunmuş rəmzi əlamətlər nəzərə alınıb. Mənfi obrazların (saqqal Həmzə və başqaları) geyimindəki tələskənlik, tamlığın pozulması, aksessuar uyğunsuzluğu təsadüfi olmayıb rejissorun geyim təfsirinin çox uğurlu, həm də bir qədər örtülü, alleqorik təcəssümüdür. Eyni fikri tamamilə başqa aspektdə, ulu öndərin geyiminin mükəmməl olması, zahirən möhtəşəm, tam, zövqlü təsir bağışlaması mənasında da söyləyə bilərik. Hər kəsə yaxşı bəllidir ki, daxilən tam, səbatlı, bütöv bir şəxsiyyət olan dahi şəxsiyyət Heydər Əliyev zahirən də təmiz, zövqlü geyimi, şax duran kostyumu, yaraşıqlı görkəmi ilə hər kəsin diqqətini cəlb edib. Rejissor baş qəhrəmanın səhnə görünüşündə bu cəhətləri nəzərə alaraq obrazın xarakterinin daha dolğun əks etdirilməsinə nail olub. Səhnədə Ulu Öndərin monumentallığını tamamlayan şax kostyum aktyor ifasının əzəməti, emosional nitqinin dərin pafosu ilə birləşərək surətin daxili mahiyyətini açaraq onun zəngin bədii məziyyətlərini tamamlayıb.

İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnəyə qoyulan “Burdan min atlı keçdi” tamaşası da mükəmməl teatr-dekor rəssamlığı ilə yaddaşlarda qalıb. Əsər son dəfə 13 yanvar 2015-ci ildə Akademik Milli Dram Teatrında oynanılıb. İrəvan və Sumqayıt teatr kollektivlərinin təmsilçilərinin çıxış etdiyi tamaşanın rejissoru və bədii tərtibatçısı Firudin Məhərrəmovdur.

Zənnimizcə, tamaşada Ulu Öndər Heydər Əliyev obrazının kostyum həllini Adil Babayevin “Xilaskar” əsərindəki eyni obrazın geyim həlli ilə müqayisə etmək daha düzgün olar. Əvvəla, ona görə ki hər iki tamaşada ulu öndərin unudulmaz surətini müasir Azərbaycan səhnəsinin istedadlı, ilhamlı təmsilçisi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru və bədii rəhbəri olan İftixar Piriyev canlandırıb. Həm də olduqca dolğun, möhtəşəm, Heydər Əliyevin adına və əzəmətinə layiq bir şəkildə... İkincisi, hər iki tamaşada yaxın keçmişimizin taleyüklü məqamları əks etdirilir və bu çətin, ziddiyyətli məqamlarda ulu öndərin əzmi, qətiyyəti daha qabarıq hiss olunur. Nəhayət, hər iki tamaşanın İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin iştirakı ilə hazırlandığını xatırlamaq olar. Həm də bunu qeyd etmək lazımdır ki, Heydər Əliyevin olduqca mürəkkəb, çoxcəhətli obrazının yaradılması sahəsindəki təcrübə sonrakı tamaşaların (kostyum həllinin) uğurlu alınmasında heç də az əhəmiyyət daşımır. “Xilaskar”da Ulu Öndərin kostyum həlli onun ənənəvi geyim tərzini kifayət qədər düzgün əks etdirirdisə, “Burdan min atlı keçdi” əsərində bu uyğunluq bir qədər də inkişaf edərək real bədii tamlıqla nəticələnir. 

2011-ci ilin son günlərində Beyləqan şəhərində premyerası gerçəkləşdirilən və baş qəhrəman olaraq Heydər Əliyev dühasının canlandırıldığı “İşıqlı, nurlu sabah” adlı mənzum tarixi dastanı da maraqlı rəssamlıq tərtibatı ilə seçilir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən bu tamaşanın həm mətn müəllifi, həm də quruluşçu rejissoru İftixar Piriyev olub. Tamaşaya geyim üzrə rəssamlığı Nabat Səmədova, rejissor assistentliyini isə Xəqani Əliyev edib.

“İşıqlı, nurlu sabah” mənzum tarixi dastanının rejissor və rəssam işi bir-birini qarşılıqlı surətdə tamamlayıb. Belə ki, məzmun və quruluş etibarilə lirik simvolik səciyyə daşıyan tamaşa qeyri-ənənəvi kostyum həlli, xoreoqrafik hərəkətlər və əşyalar (çıraqlar) vasitəsilə bitkin məzmunlu, vahid bədii-estetik xəttə malik kompozisiya yaradır.

Milli-vətənpərvərlik mövzusunun qabarıq ifadə olunduğu tamaşalardan biri də İftixar Piriyevin qələmə aldığı iki hissəli “Qurtuluş dastanı” tarixi dramıdır. Əsərdəki hadisələr qısa bir dövrü əhatə edir. Lakin burada böyük tarixi proseslərin gedişi və nəticələri – sovet imperiyasının çökməsi, milli özünüdərkin inkişafı və bunun nəticəsi olaraq müstəqillik ideyalarının meydana çıxması, parlaması, dövlətçilik ənənələrimizin dirçəldilməsi üçün möhkəm ideya zəmininin formalaşması öz dolğun, inandırıcı bədii ifadəsini tapıb.

Quruluşçu rəssamı Xəqani Əliyev olan tamaşa Oruc İzzətoğlunun rejissorluğu ilə oynanılıb.

Səhnə mexanizminin fırlanan olması rəssam Xəqani Əliyevə imkan verib ki, hadisələrin coşqun dönəmini, şəkillərin gah Moskva, gah da Bakıda cərəyan etdiyini hərlənən tərtibat üzərində bədii baxımdan daha effektli şəkildə təqdim edə bilsin. Əsasən kütləvi səhnələrin üstün olduğu fırlanma elementi tamaşanın təkcə estetik yox, həm də ideya-təsir imkanlarını artırıb, onu tərtibat baxımından, şübhəsiz ki, daha maraqlı, hərəkətli, ekspressiv edib.

Tamaşa Moskva mühiti ilə başlanır, arxa plandakı qırmı­zı rəngli Kreml (daha dəqiq desək, Spasskaya qülləsi) görünür, qüllə zənglərinin vurması eşidilir. Bu məqamda tamaşanın kostyum həllindən söz açmaq yerinə düşər, çünki bundan sonra əsas iştirakçılar (Heydər Əliyev və Mixail Qorbaçov) üz-üzə gəlir və bədii tərtibatın tam əhatə olunması üçün kostyum həllinə diqqət yetirmək zərurəti meydana çıxır. Hər iki obrazın kostyu­mu düzgün seçilərək reallığı – obrazın cəmiyyətdəki nüfuz və mövqeyini, eyni zamanda daxili aləmini olduğu kimi göstərir.

Tamaşa rəsmi kostyumlu iki nəfərin səhnədə görüşü ilə başlayır. Tünd rəngli, rəsmi görünüşlü kostyumlar, yenə həmin tipli qalstuklar səhnənin tünd koloriti ilə birləşərək özünəməxsus ahəngdarlıq yaradır. İstənilən halda kolorit həllinin əsasında tünd rəng dayanır; qırmızı rəngli Spasskaya qülləsi isə rəng yeknəsəqliyini aradan qaldırır və səhnə məkanının kolorit effektini balanslaşdırır. Və bütün bunların fonunda rəsmi kostyum geymiş iki nəfərin üzbəüz gəzməsi, səhnəni sanki bölüşməsi, ahəngdar hərəkətləri zaman və məkan effektlərini stimullaşdırır. Həm də kostyumlar elə seçilib ki, tamaşaçı rəğbəti istər-istəməz soldakı obrazın – Dahi Öndər Heydər Əliyevin üzərində cəmləşir. Daha mütənasib, effektli geyim tərzi, şax duruş, həm səmimiyyəti, həm də qətiyyəti ilə seçilən alicənab üz cizgiləri bu rəğbəti şərtləndirir. Sağdakı obraz isə Mixail Qorbaçovdur. Heydər Əliyevi gözü götürməyən, onun nüfuzuna həsəd aparan Qorbaçov öz “rəqibini” istefaya göndərməklə ondan qurtulmaq, rahat olmaq istəyir. Obrazın mənfi xisləti bir çox xüsusiyyətlərdə –  kostyumun, rəsmi olsa belə, bir qədər yöndəmsiz təsir bağışlamasında, ikibaşlı danışıq tərzində, hətta başındakı qırmızımtıl ləkədə də özünü büruzə verir.

İnanırıq ki, bundan sonra da teatr-dekor sahəsində Dahi Ön­dərə həsr olunmuş mövzulara geniş yer veriləcək və Böyük Dahinin əzəmətli obrazından dərs alan Azərbaycan vətəndaşı dövlətçilik yolunda yeni-yeni uğurlara imza atacaq.

Toğrul Cəfərli 

Naxçıvan Dövlət Universiteti 

Təsviri incəsənət kafedrasının müəllimi

Xəbər lenti
Çox oxunan xəbərlər