Milli Məclis “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
NTV xəbər verir ki, sənəd layihəsi parlamentin martın 3-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi ilə ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün aşağıdakı icbari sığortaların olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaq:
- avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası;
- avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.
Qeyd etmək lazımdır ki, bu tələblər bu Qanunda avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcının vəzifəsi kimi müəyyən olunmuş, həmçinin həmin sığortaların icbariliyi "İcbari sığortalar haqqında" və İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunlarda təsbit edilib və qeyd olunan sığortalar həmin fəaliyyətlərin həyata keçirilməsi zamanı hazırda da mövcud olmalıdır. Bu tələblərin əvvəlcədən, yəni icazə verilərkən mövcudluğunun təmin edilməsi isə bu normaların daha işlək olmasına, son nəticədə həmin tələblərə gündəlik fəaliyyətdə əməletmə səviyyəsinin yüksəlməsinə xidmət edəcək.
Təklif olunan digər dəyişiklik qeyri-müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, daxili və xarici tərtibatının müvafiq tələblərə uyğunluğu ilə (müntəzəm və taksi ilə sərnişin daşımalarında olduğu kimi) bağlıdır.
Dəyişikliklər çərçivəsində, həmçinin daşıyıcı anlayışı dəqiqləşdirilir.
Qanun layihəsi sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, keyfiyyətli xidmətin göstərilməsinə xidmət edir, müxtəlif sığorta hadisələri zamanı sığortaolunanların, xüsusilə zərərçəkən sərnişinlərin qorunmasına və onların həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatı yaradır.
