Vətən məhəbbəti, dost sədaqəti və yaşadılan dəyərlər

Vətən məhəbbəti, dost sədaqəti və yaşadılan dəyərlər

Bu vətənə can verərək,

Bir ölür, min dirilirik.

Şəhid libasın geyərək,

Bir ölür, min dirilirik.

Babək rayonu, Şəkərabad kəndi. Şəhid baş leytenant Telmanlı Allahyarın evi. Otağın divarlarını şəhid şəkilləri bəzəyir. Vətən müharibəsində göstərdiyi şücaətə görə aldığı "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə" medallar və 3-cü dərəcəli "Rəşadət" ordeni bir döyüşçü haqqında ilkin təəssürat yaradır. 

Şəkillərdən ibarət düzəlmiş guşənin önündəki masada müharibənin vurduğu mənəvi və fiziki yaraları cismində daşıyan bir gənc əyləşib. Qucağında 5 aylıq körpəsi ilə. Yusif Məmmədov əslən Naxçıvanın Şərur rayonundan olsa da, Bakıda yaşayır. Dostu həyatda olmasa belə, ailəsinə təsəlli, onların yanında olmağı özünə mənəvi borc bilir. Onunla həmsöhbət olmağa çalışıram. Baxışlarına dərin bir kədər çökmüş gəncin danışmaqla o qədər də arası yoxdur. Onlar sözlərini hərb meydanında deyərlər. Yusif də sözünü Aprel döyüşlərində deyib. Sağ ayağını döyüş meydanında itirib. Çox yormaq istəmirəm. Xatirə şəkli çəkdirməyimizi rica edirəm. Biz qəhrəmanlarımızı tanıtmalıyıq. Tanıtmalı və təbliğ etməliyik ki, gənc və gələcək nəsillər bayağı musiqiləri ilə "gündəmə" gələn müğənnilərdən, anlamsız videoları ilə "məşhurlaşan" tiktokerlərdən deyil, belə qəhrəmanlarımızdan örnək götürsünlər. Vətən uğrunda canını fəda etməyə hazır olan, milli-mənəvi dəyərləri yaşadan, əsl Azərbaycan kişisi olaraq gələcəyə xidmət edən, hər əməli ilə düşmənə meydan oxuyan gənclərdən olsunlar. 

Yusiflə Allahyar Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi liseydə təhsil alıb, kursant yoldaşı olublar. O vaxtdan dostluqlarının təməli qoyulub. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bir taqımda təhsil alıblar. Məqsəd, məram olaraq Vətənə xidməti həyat amallarına çevirib, bu yolda birgə addımlayıblar. Xidmət yerləri ayrı olsa da, Vətənin keşiyini çəkərək dağlarda bərkiyən bu igidlər dostluq tellərini də bərkidiblər. Dağların zirvəsində düşmənə sədd çəkmək, yayın istisi, qışın soyuğuna rəğmən ev rahatlığından uzaqda yaşamaq və müqəddəs amallara xidmət etmək hərbçiyə xasdır. Vətəni qoruyan hərbçilər ölümlə üz-üzə dayandıqları halda belə, yalnız özlərini düşünməz, həm də bir-birlərini qoruyarlar. Yeri gələndə yoldaşına xətər toxunmasın deyə sinəsini güllənin qabağına verən nə qədər nümunə igidlərimiz var. 

Bizi qələbəyə aparan, ordumuzun gücünü göstərən, Böyük Qələbəmizin başlanğıcı olan Aprel döyüşləri barədə dəfələrlə yazılıb. Allahyar Telmanlı da bu döyüşlərin fəal iştirakçısı olur. Tapqaraqoyunlu və Talış kəndləri istiqamətində gedən döyüşlərdə düşmənə qarşı amansız mübarizə bu iki gəncin yolunu yenidən birləşdirir. Leytenant Yusif Məmmədov bu döyüşlərdə ağır yaralanır. Son ana qədər döyüşən Telmanlı Allahyar isə şəhid olmuş yoldaşını döyüş meydanından çıxarmaq istəyərkən snayperlə vurulur.

Müalicəsi başa çatdıqdan sonra Allahyar Telmanlı yenidən xidmətinə qayıdır. Bu döyüşlərdə göstərdiyi şücaətə görə o, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilir. Yusif Məmmədov isə sağlamlığı ilə əlaqədar ordudan tərxis olunur. 

Və beləliklə, zaman 2020-yə gəlib çatır. Füzulidən Hadruta qədər şərəfli döyüş yolu keçən baş leytenant Allahyar Telmanlı düşmənin şəxsi heyətinin, texnikasının darmadağın edilməsində böyük xidmətlər göstərir, yaralanmasına baxmayaraq döyüşə davam edir. Hadrut istiqamətində gedən gərgin döyüşlərdə düşmənin növbəti gülləsinə tuş gələn gənc zabit şəhadətə qovuşur. 

Dost itkisi ağırdır. Yusif igid dostu ilə fəxr etsə də, onun itkisi ilə heç cürə barışa bilmir. Bu itkidən iki il sonra dünyaya gələn ilk oğul övladına Allahyarın adını verir. Allahyar bu körpənin cismində sanki yenidən doğulur. Həm Yusifə, həm də Allahyarın ailəsinə Tanrının ərməğanı - bir dünya sevinc payı nəsib olur. Bir türk poeziya nümunəsində deyildiyi kimi:

Dastan yazar ürəyimiz,

Büküləməz biləyimiz,

Ya şəhidiz ya qaziyiz,

Bir ölür min diriliriz.

Balaca Allahyar atasının Vətən övladlarının, dostu Allahyarın qəhrəmanlıqları ilə bağlı dastanını dinləyərək, Qarabağın necə azad olunduğunu öyrənərək böyüyəcək, atası ilə fəxr edəcək, bir qəhrəmanın adını daşıdığı üçün qürur duyacaqdır. Sıradan bir ad deyil, sıradan bir addım deyil. Bu Vətənə məhəbbət yolunda addımlayan gənclərin birləşən yolu, bir dostun sədaqətidir. Eyni zamanda, dostluq kimi məsuliyyətli bir məfhuma yanaşmanın, Vətən uğrunda canını verən igidin əməlinə və isminə sayğının, bir sözlə, mənəvi dəyərlərin yaşadılmasıdır. Eşq olsun, belə gənclərimizə. Biz məhz sizin kimi mənəvi dəyərlərə sadiq, Vətənə bağlı, nümunəvi davranışı ilə örnək olan gənclərimizi tanıyacaq, tanıdacaq və qürur duyacağıq. Vətən belə gənclərin çiynində parlaq gələcəyə yolçu olacaqdır!

Bir xalq o zaman məhvə məhkum olur ki, o mənəvi cəhətdən tükənir, bitir. Vətən müharibəsində üç minə yaxın şəhid verən xalqımız qazanılan zəfərə, bu yolda canını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, igid döyüşçülərimizə böyük sayğı duyur, ehtiram göstərir. Son iki ildə doğulan neçə-neçə körpə bu cür igidlərimizin adını daşıyır. Balaca Allahyar kimi. Balaca Allahyarlar yüksək zirvəyə-şəhadətə yüksəlmiş igidlərimizin yerdəki, aramızdakı davamçılarıdır. Vətənpərvərlik, qəhrəmanlıq, birlik kimi dəyərləri yaşadan xalq məğlubedilməzdir!

 

Ruhiyyə Rəsulova

Naxçıvan televiziyasının baş redaktoru  

 

Xəbər lenti
Çox oxunan xəbərlər