Ceyhun Bayramov: Ermənistanın öhdəliklərini yerinə yetirməsi vacibdir

Ceyhun Bayramov: Ermənistanın öhdəliklərini yerinə yetirməsi vacibdir

Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Polşanın paytaxtı Varşava şəhərində Azərbaycanşünaslıq üzrə I Avropa Konfransı çərçivəsində “Bölgədə yeni reallıqlar: Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının və davamlı sülhün perspektivləri” mövzusunda tədbirdə iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Avropadan 30-a yaxın düşüncə və tədqiqat mərkəzinin nümayəndələrinin qatıldığı tədbirdə nazir Ceyhun Bayramov çıxış edib.

Nazir Azərbaycanın xarici siyasətinin prioritetləri, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar nəzərə alınmaqla regionda sülhün və əmin-amanlığın təmin edilməsi istiqamətində səyləri barədə ətraflı məlumat verib. C.Bayramov eyni zamanda Ermənistanla sülh gündəliyi üzrə təkliflər, aparılan danışıqlarda Azərbaycanın mövqeyi və yanaşması barədə iştirakçıları məlumatlandırıb.

Azərbaycanın bölgədə apardığı bərpa və quruculuq işlərinin, kommunikasiyaların açılması istiqamətində fəaliyyətin bütün bölgənin rifahı üçün əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərinə və təkliflərinə baxmayaraq, Ermənistanın 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatdan və Azərbaycan-Ermənistan liderləri arasında digər razılıqlardan irəli gələn öhdəliklərini yerinə yetirməməsi, normallaşma prosesinə və bölgədə davamlı sülhün bərqərar olmasına maneçilik törətdiyi bildirilib. Bölgədə davam edən mina təhdidləri və Ermənistan tərəfindən bu istiqamətdə həyata keçirilən təxribatlara diqqət yönəldilib.

Son dövrlərdə bölgədə və dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edən Ceyhun Bayramov enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Alternativ enerji mənbələrindən istifadə sahəsində geniş potensiala malik ölkə kimi Azərbaycanın bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə əhəmiyyət verdiyi qeyd olunub. Bu xüsusda cari ilin iyul ayında Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti diqqətə çatdırılıb.

Nazir Şərq-Qərb Orta Dəhlizi boyunca bağlantıların gücləndirilməsi istiqamətində Azərbaycanın bir sıra uğurlu layihələr icra etdiyini, Vətən müharibəsindən sonra nəqliyyat-kommunikasiya yollarının bərpası istiqamətində işlər həyata keçirildiyini vurğulayıb. O, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndi çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirməsinin vacibliyini, bölgədə bütün nəqliyyat və kommunikasiyaların açılmasının inkişafa mühüm töhfə olacağını bildirib.

Daha sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM