Naxçıvanda reyd zamanı 100-ə yaxın avtomobil saxlanıldı
Naxçıvan DİN-in Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif istiqamətlərində reydlər keçirib.
NTV-yə müsahibəsində Dövlət Yol Polis İdarəsinin əməkdaşı polis mayoru Ayaz İsmayılov qeyd edib ki, keçirilən reydlərin əsas məqsədi normativ tələbləri pozaraq avtomobillərində qanunsuz avadanlıqlar quraşdıran və ya mövcud avadanlıqları dəyişdirən sürücülərin aşkar olunmasıdır. Son zamanlar bəzi sürücülərin bu cür qayda pozuntularına meyl göstərməsi müşahidə edilir. Bu səbəbdən sürücülərə bir daha xatırladırıq ki, avtomobilin istismar qaydalarına ciddi şəkildə əməl etsinlər.
Təəssüf ki, bəzi hallarda sürücülər mühərrikin səs gücünü süni şəkildə artırmaq məqsədilə avtomobilin səsboğucu sisteminə müdaxilə edirlər. Bu isə nəinki texniki cəhətdən təhlükəlidir, eyni zamanda ətraf mühitə və ictimai rahatlığa mənfi təsir göstərir.
Qeyd olunan qayda pozuntularının qarşısını almaq məqsədilə reydlər mütəmadi olaraq davam etdiriləcək və belə hallara yol verən sürücülərə qarşı ciddi tədbirlər görüləcək.
Aparılan son reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. Əsasən, normativ tələbləri pozaraq avtomobillərinə qeyri-qanuni avadanlıq quraşdıran sürücülərlə bağlı yoxlamalar aparılıb. Reyd çərçivəsində sürücülərə maarifləndirici məlumatlar verilib. Eyni zamanda texniki nasazlıq və konstruktiv dəyişikliklərə görə problemi yerində aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələri cərimə meydançasına yerləşdirilib.
