Azərbaycanda heyvandarlıq və quşçuluq məhsulları üzrə istehsalın artırılması istiqamətində müəyyən edilən hədəflər həm mövcud tələbatın, həm də gələcək dövrdə gözlənilən istehlak artımının qarşılanmasına hesablanıb.
NTV xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, bir çox ölkələrdə əhalinin ət istehlakı strukturunda quş əti və digər alternativ məhsulların payı daha yüksəkdir.
“Azərbaycanda da istehlak meyillərində müəyyən dəyişikliklər müşahidə olunur və bu tendensiyalar dövlət proqramında nəzərə alınıb. Əsas məqsədlərimizdən biri hazırda idxal hesabına qarşılanan müəyyən həcmdə heyvandarlıq və quşçuluq məhsullarının ölkə daxilində istehsalını artırmaqdır. Bununla yanaşı, istehlakın gələcəkdə artacağı da nəzərə alınır və bütün proqnozlar bu amil əsasında hazırlanır. Son illərdə əhalinin heyvandarlıq məhsullarına tələbatında artım müşahidə olunur. 2021-2025-ci illərin müqayisəsi göstərir ki, adambaşına quş əti istehlakında artım qeydə alınıb. Eyni tendensiya mal əti istehlakında da müşahidə olunur. Bu, əhalinin alıcılıq qabiliyyətinin və qida məhsullarına tələbatının yüksəlməsi ilə bağlıdır. qarşıdakı dövrdə istehsalın artırılması üzrə müəyyən edilən hədəflər yalnız mövcud istehlak səviyyəsinin qorunmasına deyil, eyni zamanda gələcək artımın təmin edilməsinə yönəlib. İstehsalın artırılması ilə bağlı bütün proqnozlarımızda istehlakın yüksəlməsi amili nəzərə alınıb. Özünütəminetmə göstəricilərinin artırılması ilə bağlı müəyyən edilən hədəflər hesablanarkən də əhalinin tələbatındakı gözlənilən artım əsas götürülüb”, – deyə Zaur Əliyev bildirib.
Nazir müavini qeyd edib ki, istehlakçı seçimləri bazarın inkişafında əsas amillərdən biridir və istehsal siyasəti də məhz bu tendensiyalara uyğun formalaşdırılır: “İstehlakçıların üstünlük verdiyi məhsulların əlçatanlığının təmin olunması və yerli istehsal hesabına bazarın daha dolğun təmin edilməsi əsas məqsədlərimizdəndir. Yerli istehsalın genişləndirilməsi həm ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də idxaldan asılılığın azalmasına töhfə verəcək. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində heyvandarlıq və quşçuluq məhsulları üzrə istehsalın artırılması, bazarın daha yüksək səviyyədə yerli məhsullarla təmin olunması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi mümkün olacaq”.
