NATO-nun Baş katibi Mark Rutte Alyansın Brüsseldəki mənzil-qərargahında Litvanın Baş naziri Mindauqas Sinkeviçius ilə keçirdiyi birgə mətbuat konfransında iki həftə əvvəl Litvanın Şaulyay şəhərində yerləşdirilən iki italyan “Eurofighter” döyüş təyyarəsinin ölkənin hava məkanını pozan PUA-nı vurduğunu xatırladıb. O deyib: “NATO müttəfiq ərazisinin hər qarışını bütün təhdidlərə qarşı müdafiə edir”.
NTV xarici mediaya istinadla xəbər verir ki, Mark Rutte NATO-nun şərq cinahı boyunca hava məkanının təkrar pozulmasının “cari təhlükənin dəyişən mahiyyətini” ortaya qoyduğunu bildirib, Alyansın bütün hava təhdidlərinə qarşı üstün müdafiəni təmin edən çoxqatlı və 360 dərəcə yanaşma ilə inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemlərini gücləndirdiyini qeyd edib.
Ankara Zirvə toplantısında açıqlanan “Drone Edge” kimi təşəbbüslərlə PUA-lara qarşı tədbirlər görüldüyünü bildirən Rutte deyib: “Dəyəri aşağı olan təhdidlərə qarşı yüksəktexnologiyalı döyüş təyyarələrindən istifadə etməmək üçün daha ucuz qiymətə PUA əleyhinə müdafiə sistemlərini gücləndirəcəyik”.
Rutte bildirib ki, Rusiya NATO müttəfiqlərinə qarşı “ehtiyatsız” hərəkətlərini davam etdirir və Aİ-nin Ukraynaya dəstəyini dayandırmağa çalışır, amma Kiyevə dəstək davam edəcək.
NATO-nun Baş katibi vurğulayıb ki, Alyans hibrid təhlükələrə qarşı mübarizə aparmaq üçün lazım olan bütün müdaxilə variantlarına malikdir.
Sinkeviçius isə Rutte ilə NATO-nun çəkindirmə, müdafiə, şərq cinahında hazırlıq və Ukraynaya dəstək mövzusunda əla görüş keçirdiyini bildirib. O, Avropada təhlükəsizlik vəziyyətinin çətin və gərgin olaraq qaldığına diqqət çəkib.
Baş nazir bəyan edib ki, 2027-ci ilin sonuna qədər Litvada alman briqadasının yerləşdirilməsi üçün hazırlıqlar planlaşdırıldığı kimi davam edir.
