Avqustun 12-si Xəzər Günü və ya Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür. Bu əlamətdar tarix 2006-cı ilin məhz bu günündə “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsindən sonra hər il qeyd olunur.
NTV Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, “Caspian Sea Action Week 2026” Beynəlxalq Könüllülər Həftəsi “Təzə Qazaxıstan” ətraf mühit mədəniyyətinin inkişafı konsepsiyası çərçivəsində keçirilir.
Həftənin tədbirlərində Xəzəryanı dövlətlər - Azərbaycan, Rusiya, İran və Türkmənistandan nümayəndə heyətləri, həmçinin Özbəkistan, Qırğızıstan və Tacikistandan nümayəndələr, könüllülər, ətraf mühit fəalları, ekspertlər, gənclər iştirak ediblər.
Avqustun 6-7-də Xəzəryanı ölkələr tərəfindən aparılan müasir ətraf mühit monitorinqi texnologiyaları və elmi tədqiqatlar mövzusunda beynəlxalq seminar, habelə dəyirmi masa keçirilib. Tədbirlərdə Xəzər dənizinin unikal ekosistemini qorumaq üçün təcrübə mübadiləsi aparmaq və elmi əməkdaşlığı gücləndirmək məqsədilə Xəzəryanı dövlətlərin təmsilçiləri, ekspertlər, alimlər və ictimaiyyətin nümayəndələri bir araya gəliblər.
Əsas tədbirlərdən biri avqustun 8-də Aktauda keçirilən beynəlxalq ekoloji marafon – “Xəzər təmizlik çağırışı” olub. Könüllülər sahil xəttinin genişmiqyaslı təmizlənməsi, tullantıların toplanması və çeşidlənməsi işlərini həyata keçiriblər. Elə həmin gün 80-dən çox ağac əkilib və gələcək nəsillər üçün mesajları ehtiva edən “Zaman kapsulu”nun qoyulduğu “Xəzər regionu könüllülərinin dostluq xiyabanı” açılıb.
Avqustun 10-11-də iştirakçıların Xəzər regionunun ekosisteminin qorunmasına yönəlmiş layihələr hazırlayaraq mütəxəssislərə təqdim etdikləri beynəlxalq “Xəzər innovasiya laboratoriyası” hakatonu keçirilib.
Həftənin son tədbiri avqustun 12-də keçirilən “Caspian Talks” beynəlxalq könüllülər sammiti olub. Sammitdə beynəlxalq hakaton qaliblərinin mükafatlandırılması mərasimi və təcrübə mübadiləsi, həmçinin mövcud ekoloji problemlərin müzakirəsi üçün panel sessiyası keçirilib.
