İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi hazırlayıb. Layihə qəbul olunarsa, "düşmən" ölkələrə məxsus hərbi və ticarət gəmilərinin İranın icazəsi olmadan Fars körfəzinə girməsi qadağan ediləcək.
NTV xəbər verir ki, İRNA agentliyinin məlumatına görə, komissiyanın rəhbəri İbrahim Əzizi bu qanun layihəsinin parlament tərəfindən təsdiqlənəcəyi təqdirdə, neft sənayesinin milliləşdirilməsindən sonra ölkənin ən mühüm və mütərəqqi qanunlarından biri olacağını bildirib.
Yeni qaydaya əsasən, məqsəd İranın Hörmüz boğazı üzərində nəzarətini və səlahiyyətlərini gücləndirmək, həmçinin ölkənin təhlükəsizliyini qorumaqdır.
Xatırladaq ki, avqustun 9-da parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Həsən Kaşkavi də Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyini, eləcə də davamlı inkişafını təmin etməyi hədəfləyən bu qanun layihəsinin müvafiq komissiya tərəfindən təsdiqləndiyini açıqlamışdı.
