Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən balıqçılıq sahəsində epizootoloji sabitliyin qorunması, biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və balıqçılıq məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi istiqamətində mütəmadi monitorinqlər keçirilir.
Bu barədə NTV-yə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, monitorinqlər zamanı təsərrüfatların və su hövzələrinin epizootoloji vəziyyəti qiymətləndirilir, xəstəliklərin erkən aşkarlanması və risklərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Balıqçılıq subyektlərinə baytarlıq və biotəhlükəsizlik tələblərinə əməl olunması, xəstəliklərin profilaktikası və erkən aşkarlanması ilə bağlı metodiki və maarifləndirici dəstək göstərilir. Bu tədbirlər balıqçılıq təsərrüfatlarında epizootoloji sabitliyin qorunması və məhsulların təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ixrac imkanlarının da genişləndirilməsinə şərait yaradır.
Görülən nəzarət tədbirləri nəticəsində bu ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiya, Qazaxıstan və Türkmənistana 6108,7 ton dondurulmuş balıq məhsulu ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 81,3 faiz artıb.
Bundan başqa, AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsullarının Çin bazarına ixracı üçün hüquqi əsas verən sənədlər imzalanıb.
Balıqyetişdirmə müəssisələrində yetişdirilən nərəkimilərdən əldə edilən kürü məhsullarının Avropa İttifaqı bazarına ixrac icazəsinin davamlılığının təmin olunması məqsədilə illik əsasda “Balıq məhsullarında qalıqlara dair milli Monitorinq Planı” icra olunur və nəticələri Avropa İttifaqına təqdim edilir.
Balıq kürüsünün ixracında da əhəmiyyətli artım qeydə alınıb. Bu ilin 7 ayı ərzində 954,2 kiloqram balıq kürüsü 12 ölkəyə, o cümlədən Amerika Birləşmiş Ştatları, Niderland, Kanada, Avstraliya, Sinqapur və İtaliyaya ixrac olunub. Əvvəlki illə müqayisədə balıq kürüsünün ixrac həcmi 2,7 dəfə artıb. İxrac edilən balıq məhsulları və kürüsü idxalçı ölkələrin tələblərinə uyğun olaraq baytarlıq sertifikatı ilə təmin olunur.
Kürü ilə yanaşı, balıqyetişdirmə müəssisələrində yetişdirilən müxtəlif balıq növlərinin də Avropa İttifaqı və Birləşmiş Krallıq bazarına ixrac icazəsinin əldə edilməsi istiqamətində Agentlik tərəfindən müvafiq işlər görülməkdədir.
Azərbaycana soyudulmuş və dondurulmuş balıq məhsulları 20-dən çox ölkədən, o cümlədən İran, Rusiya, Vyetnam, Türkiyə, Çin, Çili, Norveç və Estoniyadan idxal olunur. Bu məhsullara AQTA tərəfindən sənəd, eynilik və fiziki nəzarət tədbirləri tətbiq edilir. Məhsulların təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri, habelə orqanoleptik xüsusiyyətləri qiymətləndirilir və laborator müayinələrə cəlb olunur.
Agentlik tərəfindən 2025-2026-cı illərdə ümumilikdə 20 balıqçılıq müəssisəsində 24 yoxlama aparılıb. Yoxlama zamanı 18 müəssisədə uyğunsuzluq müəyyən edilib ki, bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, nöqsanların aradan qaldırılması istiqamətində sahibkarlara icrası məcburi göstərişlər verilib.
“AQTA tərəfindən həyata keçirilən riskəsaslı monitorinqlər, laborator nəzarət və biotəhlükəsizlik tədbirləri balıqçılıq sahəsində epizootoloji sabitliyin və təhlükəsiz məhsul istehsalının təmin olunmasına, daxili bazarın təhlükəsiz balıqçılıq məhsulları ilə təmin edilməsinə, həmçinin Azərbaycanın balıqçılıq məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarının qorunmasına və ixrac potensialının artırılmasına xidmət edir”, - deyə məlumatda diqqətə çatdırılıb.
