Sentyabrın 2-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 103, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 21,5 kiloqram olan narkotik vasitə və 114 ədəd psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 8 tüfəng, 3 patron darağı və 157 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
