Minalardan zərər çəkmiş şəhərlərdə hərbi əməliyyatların başa çatması heç də həmişə bərpa prosesinin başlanması demək deyil. Belə ərazilərdə insanların təhlükəsiz geri qayıtması, dağıntıların aradan qaldırılması, infrastrukturun və əsas xidmətlərin bərpası üçün ilk növbədə təhlükəsiz mühit yaradılmalıdır.
NTV xəbər verir ki, bunu Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin direktoru Çarlz Lenjo Mvaziqe Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan “Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, şəhər mühitində mina fəaliyyəti artıq yalnız ərazilərin təmizlənməsi məsələsi deyil, həm də institusional potensialın gücləndirilməsi və şəhərlərin bərpası problemidir.
“Əsas sual yalnız çirklənməni necə təmizləməkdən ibarət deyil. Məsələ təmizlənmiş ərazini təhlükəsiz, funksional və dayanıqlı icmaya çevirmək üçün institusional potensialın necə formalaşdırılmasındadır”, - deyə Mvaziqe qeyd edib.
Onun sözlərinə görə, şəhər ərazilərində partlayıcı təhlükələr binaların, yolların, dağıntıların və mühüm infrastrukturun içərisində və ətrafında yerləşə bilər. Əhali geri qayıtmağa hazır olduğu və yenidənqurma üçün təzyiq artdığı bir vaxtda təhlükəsiz şəraitin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Çıxışda vurğulanıb ki, partlayıcı sursat təhlükəsi ümumi risk mənzərəsinin yalnız bir hissəsidir. Ərazilər təmizləndikdən sonra belə, dayanıqlılığı pozulmuş binalar, çirklənmiş dağıntılar, zədələnmiş kommunal xətlər, təhlükəli materiallar və ekoloji risklər insanların təhlükəsizliyinə təhdid yarada bilər.
“Minatəmizləmə bərpa zəncirinin yalnız bir hissəsidir. Son nəticə təhlükəsiz girişin təmin edilməsi, yenidənqurma, əsas xidmətlərin bərpası, insanların təhlükəsiz geri qayıdışı, dolanışıq imkanlarının bərpası və fəaliyyət göstərə bilən icmanın formalaşdırılmasıdır”, - deyə o əlavə edib.
Bildirilib ki, mina fəaliyyəti ilə bağlı məlumatlar şəhərsalma, mənzil siyasəti, infrastruktur, ictimai səhiyyə, ətraf mühitin idarəolunması və yenidənqurma prioritetlərinin müəyyənləşdirilməsi proseslərinə inteqrasiya olunmalıdır.
Mərkəzin direktoru şəhərlərin bərpası üçün üç əsas şərti qeyd edib. Bunlar qurumlararası əməkdaşlıq, mina fəaliyyətinin digər sahələrlə inteqrasiyası və dayanıqlı resursların təmin edilməsidir.
O diqqətə çatdırıb ki, şəhər ərazilərinin təmizlənməsi texniki baxımdan mürəkkəb, uzunmüddətli və bahalı prosesdir. Buna görə də qısamüddətli layihə maliyyələşməsi ilə yanaşı, personal, avadanlıq, texnologiya, təlim və institusional inkişaf üçün proqnozlaşdırıla bilən, çoxillik maliyyə resurslarına ehtiyac var.
Çarlz Lenjo Mvaziqe institusional potensialın gücləndirilməsinin həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, xarici yardım ekspertiza, avadanlıq və təlim təmin edə bilər, lakin milli institusional potensialı uzunmüddətli perspektivdə əvəz edə bilməz.
Çıxışçı bu istiqamətdə məlumat, texnologiya, texniki potensial, standartlar və təlimi əsas prioritetlər kimi göstərib. Qeyd olunub ki, vahid əməliyyat mənzərəsinin yaradılması, pilotsuz uçuş aparatları, GIS, məsafədən zondlama, sensorlar və məsafədən idarəolunan sistemlərdən istifadə imkanlarının genişləndirilməsi qərar qəbuletmə prosesini yaxşılaşdıra bilər. Bununla belə, texnologiyanın hazırlıqlı kadrları, düzgün prosedurları və keyfiyyət təminatını əvəz etmədiyi vurğulanıb.
Çıxışda, həmçinin mina fəaliyyətinin şəhərlərin bərpası siyasətinə ilkin mərhələdən inteqrasiyası, daimi qurumlararası koordinasiya mexanizminin yaradılması, şəhərlərin bərpası üzrə milli standartların hazırlanması və çoxsəviyyəli milli təlim sisteminin formalaşdırılması təklif edilib.
“Texnologiya imkan yaradır, institutlar bu imkanları davamlı edir, insanlar isə sistemi işlək vəziyyətə gətirirlər. Şəhərlərin bərpası komanda işidir və əsas vəzifə doğru qurumun doğru zamanda doğru işi görməsini təmin etməkdir”, - deyə Çarlz Lenjo Mvaziqe bildirib.
Sonda qeyd olunub ki, əldəqayırma partlayıcı qurğulara qarşı mübarizə, mina fəaliyyəti, yenidənqurma və bərpa bir-biri ilə əlaqələndirilməli, lakin eyni fəaliyyət kimi nəzərdən keçirilməməlidir. Hərbi və təhlükəsizlik qurumları yüksək təhlükə şəraitində mühüm rol oynayır, mina fəaliyyəti ilə məşğul olan təşkilatlar uzunmüddətli risklərin azaldılmasını və ərazilərin istifadəyə qaytarılmasını təmin edir, hökumət və inkişaf tərəfdaşları isə təhlükəsizliyi yenidənqurma, xidmətlərin bərpası, dolanışıq imkanları və dayanıqlı inkişafa çevirirlər.
Əsas məqsədin yalnız şəhəri minalardan təmizləmək deyil, şəhərin normal fəaliyyət göstərmək qabiliyyətini bərpa etmək olduğu vurğulanıb.
