Rabitəçi-mühəndislər üçün növbəti seminar keçirilib

Rabitəçi-mühəndislər üçün növbəti seminar keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Türkiyənin “Karel” şirkəti arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində nazirlik aparatı və tabeli qurumlarının mühəndislərinin biliklərinin artırılması məqsədilə seminar keçirilib.

Seminarda Türkiyə Respublikasının rabitə elektronikası sahəsində nüfuzlu şirkətlərindən olan “Karel” şirkətinin təcrübəli mühəndisi Sinan Özmen slayd vasitəsilə təmsil etdiyi şirkətin istehsalı olan avtomat telefon stansiyalarının iş prinsipi, bulud IP çağırış mərkəzi, görüntülü təhlükəsizlik sistemləri və dördüncü sənaye tətbiqləri mövzusunda məlumat verib.

Vurğulanıb ki, “Karel” şirkətinin istehsalı olan DS-200 elektron tipli avtomat telefon stansiyaları IP, analoq və rəqəmsal xətləri dəstəkləyə bilən hibrid telefon stansiyalarıdır. Yüksək keyfiyyətli görüntü, səs və məlumatı eyni vaxtda ötürə bilən elektron avtomat telefon stansiyaları başlanğıc vaxtını təyin etməklə istənilən yerdən məlumatların ehtiyat nüsxəsini çıxarmağı təmin edir. Həmçinin siqnalları vizual və səsli şəkildə müəyyən edərək sistem administratoruna elektron poçt və ya SMS vasitəsilə məlumat verir.

Seminarda telekommunikasiya sahəsi üçün müxtəlif tutumlarda naqilli və naqilsiz rabitə sistemləri, terminal avadanlıqları, təhlükəsizlik kameraları, termal kamera sistemləri, videokonfrans və monitorinq həlləri və onların bulud tətbiqlərindən də bəhs edilib. Qeyd edilib ki, yeni nəsil texnologiyalardan istifadə etməklə noutbuk, ağıllı telefon və planşet kimi müxtəlif cihazlara qoşularaq video-zənglər, görüşlər və təqdimatlar etmək mümkündür.

Həmçinin seminar iştirakçıları yaxın gələcəkdə böyük əhəmiyyət kəsb edəcək 5G əsas şəbəkə proqramı və rəqəmsallaşma haqqında da məlumatlandırılıblar.

Qeyd edək ki, bundan əvvəl nazirliyin 2 mühəndisi Türkiyə Respublikasında aid sahələr üzrə təlim keçiblər.

Leyla Cəfərzadə

Xəbər lenti
Çox oxunan xəbərlər