Ukrayna Prezidenti Volodimir Zelenskinin Parisə səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makron ilə aparılan danışıqlarda əsas mövzulardan biri Fransa-İtaliya istehsalı olan “SAMP/T” hava hücumundan müdafiə sistemi olub.
NTV xəbər verir ki, Fransa Prezidentinin sözlərinə görə, “SAMP/T” sistemi hazırda bu sahədə əsas istinad sayılan ABŞ istehsalı “Patriot” sistemindən daha səmərəli ola bilər. Kiyev isə bu alternativi ballistik raketlərə qarşı bu il sınaqdan keçirməyi planlaşdırır. Ukrayna ballistik raket hücumlarına qarşı mübarizədə Fransa və İtaliya ilə əməkdaşlıq edir. AFP agentliyinin məlumatına görə, Volodimir Zelenski bu il “SAMP/T” sisteminin sınaqdan keçiriləcəyini açıqlayıb. “SAMP/T” sistemi 2010-cu ildə Fransa və İtaliyanın əməkdaşlığı ilə, daha sonra isə Böyük Britaniyanın iştirakı ilə yaradılıb. İndi isə onun yeni nəsli sınaqdan keçiriləcək. Fransa Silahlı Qüvvələr Nazirliyinin bildirdiyinə görə, bu yeni versiya “SAMP/T” sisteminin əsas üstünlüklərini qoruyaraq daha uzaq məsafəli ballistik təhdidlərə qarşı mübarizə aparmaq imkanına malik olacaq.
“SAMP/T” sisteminin əsas üstünlüyü təyyarələrə, qanadlı raketlərə və dronlara qarşı müdafiə təmin edə bilməsidir. Sistem 5 min kilometr/saatdan çox sürətə – yəni “Mach 4+” səviyyəsinə çata bilən “Aster 30” raketləri ilə təchiz olunub.
Bu müdafiə sistemi Fransa və Avropanın müdafiə sənayesi şirkətlərini birləşdirən Eurosam konsorsiumu tərəfindən hazırlanıb. Konsorsiuma “Thales Group” və “MBDA” şirkətləri daxildir.
