Belçikanın paytaxtı Brüssel son illərdə həyata keçirilən ekoloji tədbirlər sayəsində havanın çirklənməsini əhəmiyyətli dərəcədə azaldan şəhərlər siyahısına daxil edilib.
NTV xəbər verir ki, yeni araşdırmaya görə, Brüssel dünyada çirklənməni ən çox azalda bilən 19 şəhər arasında yer alır.
Tədqiqat göstərir ki, 2010–2024-cü illər arasında Brüsseldə azot dioksidinin (NO₂) səviyyəsi 29 faiz azalıb. Eyni dövrdə xırda toz hissəciklərinin (PM2.5) miqdarı isə 42 faiz aşağı düşüb ki, bu da şəhəri bu göstərici üzrə dünyada ilk dörd şəhər sırasına daxil edib.
Hesabata görə, son 15 ildə ən azı 20 faiz azalma əldə edən 19 şəhər müəyyən olunub. Bu siyahıya Avropadan Brüssel ilə yanaşı, Paris, London, Roma, Berlin və Heidelberg də daxildir. Amerika Birləşmiş Ştatlarından yalnız San-Fransisko siyahıya düşüb, qalan şəhərlər isə əsasən Çində yerləşir.
Mütəxəssislər Brüsseldə əldə olunan nəticələri şəhər nəqliyyatının ekoloji cəhətdən yenidən təşkil olunması ilə əlaqələndirirlər. Paytaxtda velosiped zolaqlarının uzunluğu iki dəfə artırılıb, təxminən 40 min təhlükəsiz velosiped dayanacağı yaradılıb və şəhər mərkəzinin böyük hissəsi piyadalar üçün ayrılıb.
Ekspertlər hesab edirlər ki, bu kimi tədbirlər şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşmasına və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə verir.
