Avstraliyanın mərkəzində və xüsusilə məşhur Uluru qayası rayonunda son iki gün ərzində bu dövr üçün aylıq orta göstəricidən təxminən üç dəfə çox yağıntı düşüb. İnternetdə yayılan videolarda Uluru qayasından şəlalələrin axdığı görünür.
NTV xəbər verir ki, “Weatherzone” meteorologiya xidmətinin məlumatına görə, güclü yağışlar səhra regionunda son on ildə müşahidə olunan ən güclü yağış hesab edilir. Güclü yağışlara ölkənin quraqlığı və qırmızı torpaqları ilə tanınan mərkəzi hissəsinə rütubətli hava kütlələrini gətirən siklon mənşəli atmosfer prosesi səbəb olub. Leysan nəticəsində baş verən daşqın səbəbindən Uluru yaxınlığında bəzi yollar bağlanıb.
Qeyd edək ki, Avstraliyanın simvollarından biri olan Uluru qayaları turistlər üçün ən populyar istiqamətlərdən sayılır.
