Bolqarıstan Qida Təhlükəsizliyi Agentliyi Kiprdə dabaq, Yunanıstanda isə qoyun çiçəyi xəstəliyinin yayılması ilə əlaqədar cənub sərhədlərində yoxlamalara başlayıb.
NTV Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu çərçivədə ölkəyə daxil olan iri və xırdabuynuzlu heyvanlar, digər cütdırnaqlılar və donuzlar məcburi tibbi müayinədən keçiriləcək.
Məlumata görə, tədbirlər regionda xəstəliklərin yayılması, eləcə də qanunsuz heyvan idxalı və qeyri-qanuni kəsim halları ilə bağlı risklərin artması səbəbindən tətbiq olunur.
Qeyd edilib ki, dabaq xəstəliyi yüksək yoluxucu virus infeksiyasıdır. Hazırda Kiprdə 40, Yunanıstanda isə 131 qoyun çiçəyi xəstəliyi ocağı qeydə alınıb. Sərhəd nəzarəti klinik müayinələr, sənədlərin yoxlanılması və zəruri hallarda nümunə götürülməsini əhatə edir. Eyni zamanda, bəzi bölgələrdə heyvan bazarları və digər kütləvi tədbirlər müvəqqəti dayandırılıb.
