satellite   Azerspace-1: 11135 H 30000

Astronomlar qalaktikamızın mərkəzindəki qara dəlikdən gələn küləyi kəşf ediblər

Astronomlar qalaktikamızın mərkəzindəki qara dəlikdən gələn küləyi kəşf ediblər

Əlli ilə yaxın davam edən cəhdlərdən sonra astronomlar Süd Yolu qalaktikamızın mərkəzindəki supernəhəng qara dəlikdən gələn küləyi kəşf ediblər. Məlum olub ki, bu, qasırğadan daha mülayim bir mehdir.

NTV  “Reuters” agentliyinə istinadla xəbər verir ki, Çilidə yerləşən ALMA teleskopundan və NASA-nın orbitdə hərəkət edən “Çandra” rentgen rəsədxanasından əldə edilən məlumatlardan istifadə edən tədqiqatçılar qara dəliyin ətrafındakı kosmik məhəlləni - qısaca Oxatan A* və ya Sgr A* adlanan ərazini araşdırıblar. Onlar Sgr A* bölgəsinin yanında isti, elektrik yüklü qazla dolu böyük bir boşluq görüblər və nəticədə burada olan soyuq qazın qara dəlikdən əsən külək tərəfindən formalaşdığı qənaətinə gəliblər. Astronomlar belə bir boşluğun yaradılması üçün lazım olan enerjinin yalnız supernəhəng qara dəlik tərəfindən yaradıla biləcəyini bildiriblər.

Qara dəliklər cazibə qüvvəsi o qədər güclü olan fövqəladə sıx cisimlərdir ki, hətta işıq belə onlardan qaça bilmir. Adətən, qalaktikaların nüvəsinin ətrafında qazı və digər materialları çəkən supernəhəng qara dəlik olur.

Alimlər on illər əvvəl, fizikasına görə, aktiv superkütləli qara dəliyin bəzi qazları və digər materialları kosmosa atacağını irəli sürmüşdülər. Sonradan onlar bu cür davranışı digər qalaktikalardakı çoxsaylı superkütləli qara dəliklərdə müəyyən ediblər, lakin indiyə qədər Sgr A*-da bunun baş verdiyini sübut edə bilməmişdilər.

“Bu kəşf yarıməsrlik sirri açır”, -deyə İllinoysdakı Şimal-Qərb Universitetinin fizika və astronomiya professoru Lena Murçikova bu həftə “Astrophysical Journal Letters”də dərc olunan məqaləsində qeyd edib.

Sgr A* Günəş kütləsindən təxminən 4 milyon dəfə böyükdür və Yerdən təxminən 26 min işıq ili məsafədə yerləşir. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir (9,5 trilyon km). O, digər qalaktikalardakı bəzi analoqları qədər kütləvi deyil və nisbətən sakit fazada olduğu müəyyən edilib.

Konus formalı boşluğun ucu Sgr A* bölgəsinin yaxınlığından başlayır və xaricə doğru genişlənir. Tədqiqatçılar müşahidələrinin görmə sahəsindən kənara çıxması səbəbindən boşluğun miqyasından əmin olmasalar da, Murçikova onun uzunluğunun təxminən 6,5 işıq ilinə qədər uzana biləcəyini deyib.

Sgr A* bölgəsinin hazırkı itaətkar vəziyyətində yaratdığı külək digər superkütləli qara dəliklərdə müşahidə edilən qədər güclü deyil. Şimal-Qərb Universitetinin astronomu və tədqiqatın həmtəsisçisi Mark Qorski onun küləklərini Yer kürəsinin hava şəraiti ilə müqayisə edib: “Bu qara dəlikdən gələn mülayim mehdir. Qalaktika mərkəzini kəskin şəkildə yenidən qurmaq üçün kifayət qədər güclü görünmür”.

Qaz və digər materiallar qara dəliyə doğru spiral şəklində hərəkət etdikcə, işıq sürətinə yaxın bir sürətə çatır və bunun bir hissəsini xaricə atmaq üçün kifayət qədər enerji və təzyiq yaradır.

“Bəzi qazlar içəri axmağa davam edərkən, digərləri xaricə atılır. Əslində, qazın daha çox hissəsi qara dəlikdən xaricə atılır. Bu atılan qaz danışdığımız küləkdir”, - deyə Murçikova bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM