İraq Mülki Aviasiya İdarəsi ölkənin hava məkanının yenidən uçuşlar üçün açıldığını elan edib.
NTV İraq Xəbər Agentliyinə istinadla xəbər verir ki, qurumun yaydığı bəyanatda İraqın bütün hava limanlarında uçuşların bərpa olunduğu bildirilib.
Vurğulanıb ki, hava hərəkəti təsdiqlənmiş əməliyyat prosedurlarına uyğun şəkildə davam etdiriləcək.
Mülki Aviasiya İdarəsi, həmçinin İraq hava məkanında təhlükəsizlik və uçuşların etibarlılığının təmin olunması məqsədilə vəziyyətin aidiyyəti qurumlarla birgə izlənildiyini və qiymətləndirildiyini vurğulayıb.
Bəyanatda əlavə edilib ki, hava nəqliyyatı ilə bağlı hər hansı yenilik barədə aviaşirkətlər və sərnişinlər rəsmi kanallar vasitəsilə məlumatlandırılacaqlar.
Xatırladaq ki, İranın dünən İsrailə raket hücumu fonunda İraq hava məkanını müvəqqəti olaraq mülki aviasiya uçuşları üçün bağladığını elan etmişdi.
