Yaponiyanın H3 flaqman daşıyıcı raketinin iyunun 10-na planlaşdırılan buraxılışı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
NTV xəbər verir ki, bu barədə Yaponiyanın Kosmos Tədqiqatları Agentliyi (JAXA) məlumat yayıb.
Agentlik raketin yeni buraxılış tarixini hava şəraiti barədə məlumatları təhlil etdikdən sonra müəyyən edəcək. Buraxılış Kaqoşima prefekturasındakı Taneqaşima mərkəzində həyata keçiriləcək.
Qeyd edək ki, H2A raketinin xələfi olan H3-ün ötən ilin dekabrına planlaşdırılan buraxılışı yükdaşıma dəstək strukturundakı problem səbəbindən uğursuz olmuşdu.
H3 Yaponiyada son 30 ildə hazırlanmış ilk iri raketdir. Yaponiya H3 raketlərini peyklərin orbitə çıxarılmasını əhatə edən rəqabətli və gəlirli biznesdə istifadə etməyi düşünür. H3 həm də Yaponiyanın kosmik tədqiqatlarda, o cümlədən Ayın tədqiqində istifadə üçün nəzərdə tutulub. Bu tip raketlərin hazırlanması prosesinə 2013-cü ildə başlanılıb. Raketin komponentlərinin istehsalını və yığımını “Mitsubishi” şirkəti həyata keçirir. Onun uzunluğu 63, diametri 5,2 metrdir. Raketin ən iri konfiqurasiyasının start çəkisi 574 tondur.
