Şimali İrlandiyada son günlər baş verən iğtişaşlarla əlaqədar saxlanılanların sayı 19-a çatıb.
NTV BBC-yə istinadla xəbər verir ki, onların arasında 16 yaşlı yeniyetmə də var.
Polis iyunun 11-dən 12-nə keçən gecə nisbətən sakitlik olduğunu bildirsə də, Belfastın şimalında qəsdən törədilən yanğın hadisəsinin iğtişaşlarla əlaqəli olduğunu açıqlayıb. Məlumata görə, yanğınsöndürənlər Şor küçəsində baş vermiş yanğını söndürmək üçün hadisə yerinə cəlb olunublar. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Polis ictimai asayişin qorunması məqsədilə gücləndirilmiş təhlükəsizlik tədbirlərinin həftəsonu da davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, Şimali İrlandiyanın Belfast şəhərində iyunun 8-də ağır bıçaqlanma hadisəsi baş verib. Sudanəsilli Hadi Alodid şəhər sakini Stiven Oqilviyə qarşı törədilmiş hücumla əlaqədar qəsdən adam öldürməyə cəhd ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Hadi Alodid 2023-cü ildə ölkəyə daxil olub və ona qaçqın statusu verilib. Bıçaqlanma hadisəsindən sonra Şimali İrlandiyada iğtişaşlar başlayıb.
