Sosialist deputatlar Fransanın yeni dövlət büdcəsi qəbul edilmədiyi təqdirdə aylarla fəaliyyətini davam etdirəcək qanun layihəsi hazırlayıblar. Hökumət isə belə bir “xüsusi qanun” variantını qəti şəkildə rədd edir.
NTV xəbər verir ki, siyasi rəhbərlər vaxt yaxınlaşdıqca 2027-ci ildə dövlətin maliyyə baxımından iflic vəziyyətinə düşməsi ehtimalından narahat olurlar.
Sosialist deputat Filip Brənin fikrincə, “xüsusi qanun”un tətbiqi dövlətə vergiləri toplamağa və maaşları ödəməyə imkan verə bilər. Onun hazırladığı layihə bu mexanizmin hüquqi bazasını möhkəmləndirməyi və hökumətə təxirəsalınmaz xərclərlə bağlı daha geniş imkanlar yaratmağı nəzərdə tutur.
Milli Assambleyanın Maliyyə Komissiyasının sədri Erik Kokerel isə hesab edir ki, prezident seçkilərinədək ölkənin “xüsusi qanun” əsasında idarə olunması mümkündür. Onun fikrincə, əsas siyasi və büdcə qərarları seçkilərdən sonrakı dövrə saxlanıla bilər. Lakin hökumət bu yanaşmanı qəti şəkildə rədd edir.
İqtisadiyyat naziri Roland Lekür bildirib ki, seçki ilində “xüsusi qanun”a müraciət edilməsi dövlət siyasətinin həyata keçirilməsini məhdudlaşdıra və ölkə üçün əlavə risklər yarada bilər. Maliyyə Nazirliyi də bu ssenarinin büdcə kəsirinə təsirini qiymətləndirmək üçün araşdırma aparır.
Hazırda hökumət 2027-ci il büdcəsini parlamentdən keçirmək üçün alternativ həll yolları axtarır. Bununla belə, müşahidəçilər hesab edirlər ki, seçiləcək ssenaridən asılı olmayaraq, əsas maliyyə qərarları prezident seçkilərindən sonra qəbul ediləcək.
