Çinin Şanxay şəhərində Dünya Süni İntellekt Konfransı (WAIC) və Süni İntellektin Qlobal İdarəçiliyinə dair Yüksək Səviyyəli Görüş başlayıb.
NTV xəbər verir ki, bir neçə ölkədən dövlət və hökumət başçılarının iştirak etdikləri tədbirin açılışında çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin Dünya Süni İntellekt Əməkdaşlığı Təşkilatının yaradıldığını elan edib.
Təşkilatın yaradılması barədə sazişi 29 ölkənin nümayəndəsi imzalayıb. Sazişə əsasən, Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatı BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl edən və geniş məsləhətləşmələr, birgə töhfələr və ortaq faydalar vizyonunu dəstəkləyən müstəqil hökumətlərarası beynəlxalq təşkilatdır.
Qurum süni intellektdə (AI) beynəlxalq əməkdaşlığı və qlobal idarəetməni təşviq etməyi, süni intellektin faydalı, təhlükəsiz və ədalətli şəkildə inkişaf etməsini təmin etməyi və bəşəriyyətin rifahına töhfə verməyi hədəfləyir. Onun qərargahı Çinin Şanxay şəhərində yerləşəcək.
İmzalanma mərasimində BMT-nin Baş katibi Antonio Quterreş və digər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.
