ABŞ Daxili Təhlükəsizlik Departamenti tərəfindən elan edilən qaydaya əsasən, xarici jurnalistlərə uyğunluq tələblərinə cavab verdikləri müddətcə Birləşmiş Ştatlarda qalıb işləməyə icazə verən “status müddəti” sistemi ləğv ediləcək və sabit viza müddəti ilə əvəz olunacaq. Bu viza müddəti xarici jurnalistlər üçün 240 gün, çinli jurnalistlər üçün isə 90 gün olacaq.
NTV Amerika mediasına istinadla xəbər verir ki, 240 günlük viza müddəti uzadıla bilsə də, çinli jurnalistlər üçün 90 günlük viza qaydası Honkonq və Makao xüsusi inzibati bölgələrindən olan jurnalistlərə şamil edilməyəcək.
Qaydanın ABŞ Federal Reyestrində dərc edildikdən 60 gün sonra qüvvəyə minməsi planlaşdırılır.
Vaşinqtondakı Çin səfirliyi bu qərarı şərh etməyib.
Sərhədsiz Reportyorlar (RSF) viza müddətlərinin qısaldılmasına münasibət bildirərək qeyd edib: “Bu dəyişiklik xarici jurnalistlərin ABŞ-dən reportajvermə ehtimalını aradan qaldırır və beynəlxalq media təşkilatlarının burada fəaliyyət göstərməsini olduqca çətinləşdirir”.
Jurnalistləri Müdafiə Komitəsi viza müddətlərinin qısaldılması ilə bağlı verdiyi açıqlamada yeni viza siyasətini “demokratiyada geriləmə” adlandırıb.
ABŞ Dövlət Departamenti 2025-ci ilin avqust ayında bu dəyişikliyi təklif edərkən Birləşmiş Ştatlarda xarici jurnalistlərin sayının artmasının “qeyri-immiqrantların bu ölkədə qaldıqları müddətdə izlənilməsi və nəzarət edilməsi” baxımından çətinliklər yaratdığını bildirib.
