“Şimal kralı” ləqəbli 56 yaşlı Endi Börnhem bazar ertəsi günü Britaniyanın son on ildə yeddinci Baş naziri olacaq. O, yaşayış xərcləri böhranı və dövlət xidmətlərinin səmərəsizliyi kimi vətəndaşları narahat edən məsələlərə daha yaxşı diqqət yetirmək üçün ölkəni “yenidən quracağına” söz verib.
NTV xəbər verir ki, Kir Starmer Dauninq küçəsi, 10 ünvanında kabinetində vida nitqini söyləyib və Kral III Çarlza istefası barədə rəsmi məlumat verdikdən sonra Börnhem Baş nazir vəzifəsini tutmaq üçün monarxla görüşəcək.
“Reuters” agentliyinin məlumatına görə, Mançesterin sabiq meri Börnhem Britaniyanın kommunal xidmətlərinin səmərəsizliyindən tutmuş ləng iqtisadi artıma qədər uzun bir problemlər siyahısı ilə üzləşir və əvvəlcə, hakim Leyborist Partiyası daxilində artıq gərgin müzakirə mövzusuna çevrilən nazirlər komandasını təqdim etməlidir.
Leyborist Partiyasının lideri bu vəzifəyə seçilməsini 40 ilin siyasi həyatında ən əhəmiyyətli hadisə adlandıran Endi Börnhem həyat səviyyəsini sürətlə yaxşılaşdırmaq üçün Böyük Britaniyanın idarəetmə sistemini kökündən dəyişdirəcəyinə söz verib.
“Rəhbərlik etdiyim hökumət gələn həftədən etibarən inamla irəliləyəcək”, - deyə yeni Baş nazir cümə günü bildirib. O, Britaniyaya “çox ehtiyac duyduğu” ümidi gətirəcəyinə və vəziyyəti dəyişəcəyinə söz verib.
