Çin Filippin səfirini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb və bir gün əvvəl Cənubi Çin dənizindəki İkinci Tomas dayazlığı ərazisində iki ölkənin gəmiləri arasında baş vermiş insidentlə əlaqədar ona rəsmi etirazını bildirib.
NTV "Reuters"ə istinadən xəbər verir ki, bu barədə XİN-in bəyanatında vurğulanıb.
Ötən gün mübahisəli sularda gəmilərin toqquşmasından sonra Çin və Filippin bir-birini təxribatda günahlandırıblar.
Manila Filippin Hərbi Dəniz Qüvvələrinin hərbçilərindən birinin başından zərbə aldığını bildirib, Pekin isə Filippin tərəfini insidentə təhrik etməkdə günahlandırıb.
