Türkiyə iyul ayının sonuna qədər Suriyanın şimal bölgəsinə daha 30 min ərzaq qutusundan ibarət humanitar yardım göndərəcək.
NTV xəbər verir ki, humanitar yardımın hər qutusunda Prezident Rəcəb Tayyib Ərdoğanın Suriya xalqına həmrəylik və dəstək ifadə edən məktubunun surəti var.
“Türkiyə və xalqı həmişə suriyalı qardaş və bacılarımızla birlikdə olub və olacaq. Min ildir qonşuyuq və qiyamətə qədər də belə olacağıq. Suriya cəmiyyətinin inamlı inkişafının açarı ortaq tarixə və gələcəyə dair vizyona sadiqlikdir. Türkiyə bütün resursları ilə suriyalıların inkişaf uğrunda mübarizəsini dəstəkləyəcək”, - deyə Türkiyə liderinin məktubunda bildirilir.
Humanitar yardımın “Fərat qalxanı” antiterror əməliyyatı zonasında ehtiyacı olan suriyalılar arasında paylanması planlaşdırılır.
Un, pomidor pastası, günəbaxan yağı, lobya, makaron, düyü və sairə ilə yüklənmiş ilk yük maşınları artıq Suriya ilə həmsərhəd olan cənubdakı Hatay vilayətinə yola düşüb.
