Qara dənizdə Rusiya-Ukrayna müharibəsi fonunda təhlükəsizlik risklərinin artmasına baxmayaraq, bu ilin ilk altı ayında Türkiyənin Bosfor (İstanbul) və Çanaqqala boğazlarından ümumilikdə 40 min 218 gəmi keçib.
NTV xəbər verir ki, bu barədə Türkiyənin Dənizçilik Baş İdarəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, beynəlxalq dəniz ticarəti üçün strateji əhəmiyyət daşıyan Türkiyə boğazları on minlərlə ticarət gəmisinin fasiləsiz hərəkətini təmin etməkdə davam edir.
Hesabat dövründə İrandakı gərginlik səbəbindən Hörmüz boğazında gəmi keçidlərində yaranan çətinliklər və qlobal ticarət marşrutlarında müşahidə olunan dəyişikliklər fonunda İstanbul və Çanaqqala boğazlarının strateji əhəmiyyəti qorunub saxlanılıb.
Hesabata əsasən, yanvar–iyun aylarında İstanbul boğazından 19 min 277, Çanaqqala boğazından isə 20 min 941 gəmi keçib.
Bu gəmilərin növlərinə görə bölgüsündə ümumi yük gəmiləri üstünlük təşkil edib. Belə ki, hesabat dövründə hər iki boğazdan 13 min 127 ümumi yük gəmisi keçib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə İstanbul və Çanaqqala boğazlarından ümumilikdə 40 min 988 gəmi keçib. Onlardan 19 min 381-i İstanbul, 21 min 607-si isə Çanaqqala boğazından istifadə edib.
