satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniya hökuməti Rusiya tankerinin ələ keçirilməsini müdafiə edib

Böyük Britaniya hökuməti Rusiya tankerinin ələ keçirilməsini müdafiə edib

Böyük Britaniya hökuməti Rusiya Prezidenti Vladimir Putinin cavab tədbirləri ilə bağlı açıqlamasından sonra La-Manş boğazında Rusiyanın “kölgə donanması”na aid neft tankerinin ələ keçirilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bildirib.

NTV xəbər verir ki, “Smyrtos” adlı tanker iyun ayında Britaniya Kral Dəniz Piyadalarının xüsusi əməliyyatı nəticəsində saxlanılıb və gəmiyə hərbçilər tərəfindən baxış keçirilib. Daha sonra tanker Ueymut sahilləri yaxınlığında lövbər salmağa məcbur edilib. Bu, sanksiyalara məruz qalan tankerlərin fəaliyyətinin qarşısının alınması məqsədilə Böyük Britaniyanın həyata keçirdiyi ilk belə əməliyyat olub.

Gəminin kapitanı Ajay Pant Rusiya əleyhinə sanksiyaları pozmaqda ittiham olunur. Onun qadağan edilmiş Rusiya neftinin birbaşa və ya dolayı yolla tədarükündə iştirak etdiyi iddia edilir. Sakit okeanda Rusiya hərbi-dəniz qüvvələrinin təlimlərini izləyən Vladimir Putin Qərb ölkələrinin Rusiya gəmilərini ələ keçirməsini “dəniz quldurluğu və banditizm” adlandırıb. “Əgər bu planlar həyata keçirilərsə, biz də eyni şəkildə cavab verməli olacağıq. Bu, mütləq gəmilərimizə qarşı əməliyyatların planlaşdırıldığı sularda deyil, zəruri və məqsədəuyğun hesab etdiyimiz istənilən yerdə ola bilər”, - deyə Rusiya Prezidenti bildirib.

Putinin açıqlamalarına cavab olaraq Böyük Britaniya hökuməti “Smyrtos” tankerinə Britaniya Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarının beynəlxalq hüquqa tam uyğun şəkildə müdaxilə etdiyini açıqlayıb.

Hökumətin sözçüsü bildirib ki, Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı müharibəsinin maliyyələşdirilməsinə töhfə verən “kölgə donanması” gəmilərinin fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər görür. O, Böyük Britaniya hərbi və kommersiya gəmilərinin beynəlxalq dəniz hüququna uyğun fəaliyyət göstərdiyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM