Böyük Britaniya hökuməti sığınacaq axtaran şəxslərin daha bahalı və yaşayış xərclərinin yüksək olduğu ərazilərdə də yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.
NTV “The Telegraph”a istinadla xəbər verir ki, Baş nazir Endi Börnhem sığınacaq axtaranların yerləşdirilməsinin ölkənin müxtəlif bölgələri arasında daha ədalətli bölüşdürülməsinin tərəfdarı olduğunu bildirib. O qeyd edib ki, indiyədək bu yükün böyük hissəsini daha aztəminatlı icmalar daşıyıb və bundan sonra daha bahalı ərazilər də prosesdə öz payını götürməlidir.
Hazırda hökumətlə çalışan özəl şirkətlər sığınacaq axtaranlar üçün yalnız Daxili İşlər Nazirliyinin müəyyən etdiyi kirayə limitlərinə uyğun yaşayış yerləri təklif edə bilirlər. Bu məhdudiyyətlər isə daşınmaz əmlak və kirayə qiymətlərinin yüksək olduğu ərazilərdə mənzillərin istifadəsini çətinləşdirir. Hökumətin həmin limitlərin artırılması imkanını nəzərdən keçirdiyi bildirilir. Belə bir qərar sığınacaq axtaranların daha bahalı ərazilərdə yerləşdirilməsinə imkan versə də, dövlət büdcəsinə əlavə xərc yaradacaq.
Baş nazir bildirib ki, hökumət Böyük Britaniyaya qeyri-qanuni keçidlərin və sığınacaq axtaranların yerləşdirilməsi üçün istifadə olunan obyektlərin sayının azalmasını istəyir. Bununla belə, mövcud vəziyyətdə yerləşdirmənin ölkə üzrə daha ədalətli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Məlumata görə, 2024-2025-ci maliyyə ilində sığınacaq axtaranların özəl sektora məxsus yaşayış yerlərində yerləşdirilməsinə çəkilən xərc 2,7 milyard funt-sterlinqə çatıb. Xərclərin yüksək olmasının əsas səbəblərindən biri hotellərdən istifadə olub. Sonrakı dövrdə minlərlə sığınacaq axtaran şəxs ortaq yaşayış obyektlərinə və hərbi kazarmalara köçürülüb. Bunun nəticəsində hotellərdə adambaşına gecəlik orta hesabla 144 funt-sterlinq olan xərc özəl yaşayış yerlərində 23,25 funt-sterlinqə qədər azalıb. Hökumətin məlumatına əsasən, martın sonunda 97 min 519 nəfər sığınacaq dəstəyi alıb. Onlardan 72 min 768 nəfəri hotel olmayan yaşayış obyektlərində yerləşdirilib.
