Macarıstanda kommunist dövründə fəaliyyət göstərmiş dövlət təhlükəsizlik orqanlarının arxivlərində yer alan on minlərlə şəxsin adı yaxın vaxtlarda açıqlana bilər.
NTV xəbər verir ki, Macarıstan Nazirlər Kabineti Aparatının rəhbəri Balint Ruff “Telex”ə açıqlamasında arxivlərdəki sənədlər əsasında 60-80 min nəfərin müəyyən edilə biləcəyini deyib.
Onun sözlərinə görə, söhbət yalnız gizli agent və ya məlumatverənlərdən getmir. Sənədlərdə dövlət təhlükəsizlik aparatı ilə müxtəlif formada əlaqəsi olmuş şəxslərin adları da yer ala bilər və onların konkret rolunu yalnız arxiv materiallarının araşdırılması müəyyənləşdirəcək.
Ruff qeyd edib ki, 1990-cı ildə kommunist rejiminin süqutundan sonra siyasət və iqtisadiyyat sahələrində tanınmış şəxslərin də siyahıda olub-olmadığını bilmir. O, həmçinin bu həftə “3000 nömrəli qərarlar” kimi tanınan təxminən 100 sənədin məxfiliyinin aradan qaldırılaraq ictimaiyyətə təqdim olunacağına ümid etdiyini bildirib.
Macarıstanda kommunist dövrü dövlət təhlükəsizlik arxivlərinin açılması məsələsi artıq onilliklərdir müzakirə olunur. Sənədlərin açıqlanmasının ölkənin keçmişi, siyasi məsuliyyət və keçmiş rejimlə əməkdaşlıqla bağlı mübahisələri yenidən gündəmə gətirəcəyi gözlənilir.
