Almaniyanın sabiq Kansleri, 2005-2021-ci illərdə ölkəyə rəhbərlik etmiş Angela Merkel ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının Saksoniya-Anhalt əyalətindəki seçkilərdə qazandığı qələbənin ölkənin siyasi həyatında ciddi dəyişiklikdən xəbər verdiyini bildirib.
NTV “Handelsblatt” nəşrinə istinadla xəbər verir ki, sabiq Kansler AfD-nin yüksəlişi fonunda ənənəvi partiyaların siyasi mübarizə üsullarını yenidən nəzərdən keçirməli olduğunu vurğulayıb.
A.Merkel Saksoniya-Anhalt seçkilərində AfD-nin 43,8 faiz səslə birinci, Xristian Demokratlar Birliyinin (CDU) isə 17,2 faiz səslə ikinci olmasına münasibət bildirərkən deyib: “CDU üzvü kimi mənim ürəyim ağrıyır”. Onun sözlərinə görə, AfD-nin bu nəticəsi Almaniya Federativ Respublikasının tarixində ciddi dönüş nöqtəsidir.
Keçmiş Kanslerin açıqlamasında diqqət çəkən məqamlardan biri CDU-nun AfD-dən siyasi məsafə saxlamaq üçün tətbiq etdiyi “Yanğın divarı” (Brandmauer) strategiyasına münasibəti olub. A.Merkel bildirib ki, yalnız AfD-dən təcrid olunmaqla seçiciləri inandırmaq mümkün deyil. “İnsanları inandıran bu deyil. Mən bu ölkə üçün nə istədiyimi deməliyəm”, - deyə o vurğulayıb.
Yetmiş bir yaşlı sabiq Kanslerin fikrincə, digər partiyalar AfD-yə həddindən artıq fokuslanmaq əvəzinə, seçicilərə konkret siyasi məqsədlər və alternativlər təqdim etməlidirlər. O, xüsusilə pensiya siyasəti kimi məsələlərdə aydın mövqe ortaya qoymağın vacibliyini qeyd edib.
A.Merkel AfD-nin sosial şəbəkələrdə emosional mesajlardan istifadə etməsinin də bu partiyaya üstünlük qazandırdığını bildirib. Onun sözlərinə görə, siyasətçilər üçün əsas problem artıq cəmiyyətdə vahid informasiya bazasının olmamasıdır. O bildirib ki, seçicilər fərdiləşdirilmiş ünsiyyətə daha güclü reaksiya verirlər və AfD bundan faydalanır.
Xatırladaq ki, 15 siyasi partiyanın qatıldığı seçkilərdə AfD 43,8 faiz səslə qələbə qazanaraq əyalət parlamentindəki 83 deputat mandatından 39-na sahib olub. Kansler Mertsin partiyası – CDU 17,2 faizlə ikinci olub. Sosial Demokratlar Partiyası (SPD) 9,3, Yaşıllar Partiyası 8,9, Sol Partiya 8,6 faiz səs toplayıb. Sahra Vaqenknext İttifaqı (BSW) 5,3 faiz səs yığa bilib. İndiyədək əyalət hökumətində təmsil olunan Azad Demokratlar Partiyası (FDP) isə 2,6 faiz səslə əyalət parlamentinə daxil olmaq üçün tələb olunan həddi keçə bilməyib.
