Fransanın Lion şəhərində “Fundamental və tətbiqi tədqiqatlar: müasir meyillər və inkişaf perspektivləri” mövzusunda VII beynəlxalq elmi-praktik konfrans keçirilib.
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutundan NTV-yə bildirilib ki, onlayn formatda təşkil olunan konfransda müxtəlif elmi istiqamətlər üzrə aktual tədqiqatların nəticələri və müasir elmin inkişaf perspektivləri təqdim edilib. Kimya İnstitutunun Bioüzvi kimya laboratoriyasının aparıcı elmi işçisi dosent Sabir Babayev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının dosenti Nizami Əkbərov və həmin kafedranın müəllimi Cənnət İmanova ilə həmmüəllifi olduğu “1,2-epitio-3-aminopropanın antioksidant xassələri” adlı elmi məqaləni konfransın materiallar toplusunda dərc etdirib.
Məqalədə neft məhsullarının oksidləşmədən qorunması üçün daha effektiv və çoxfunksiyalı aşqarların hazırlanması istiqamətində aparılan tədqiqatların nəticələri əksini tapıb. Bu məqsədlə 1,2-epitio-3-N-arilaminopropanın (arilamin tiiranların) antioksidant xassələri kumilperoksid radikalları və kumilhidroperoksidlə model reaksiyalar əsasında öyrənilib. Tədqiqat zamanı birləşmələrin quruluşu ilə antioksidant təsiri arasındakı qanunauyğunluqların müəyyənləşdirilməsi hədəflənib.
Tədqiqatın nəticələri göstərib ki, sintez edilmiş 1,2-epitio-3-N-arilaminopropan peroksid radikalları ilə reaksiyaya girərək zəncirvari oksidləşmə prosesini dayandırır. Həmçinin bu birləşmə kumilhidroperoksidin molekulyar məhsullar əmələ gətirməklə parçalanmasını təmin edir. Əldə olunan nəticələr həmin birləşmələrin neft məhsullarını oksidləşmədən qoruyan antioksidant aşqarlar kimi istifadə oluna biləcəyini göstərir.
Oktyabrın 21-dək davam edəcək konfransda kimya, materialşünaslıq, biologiya, fizika-riyaziyyat, texnika, eləcə də humanitar və ictimai elmlər sahələrində aparılan aktual tədqiqatlar və tətbiqi həllər təqdim olunur. Müxtəlif ölkələri təmsil edən alimlər fənlərarası tədqiqatlar, davamlı inkişaf və innovativ texnologiyaların elmi sahələrdə tətbiqi ilə bağlı məruzələrlə çıxış edirlər.
