Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” şirkəti qənaət tədbirlərini genişləndirərək dünya üzrə təxminən 660 min əməkdaşının maaşlarını 2030-cu ilədək dondurmağı planlaşdırır.
NTV yerli mediaya istinadla xəbər verir ki, bu tədbir əməkhaqlarının artırılmamasını, həmçinin əlavə ödənişlər və dəyişən əməkhaqqı komponentlərinin azaldılması imkanını nəzərdə tutur.
Məlumatlara əsasən, yeni yanaşma oktyabrın əvvəlindən tətbiq olunur və beynəlxalq əmək müqavilələri üzrə danışıqlara da təsir göstərə bilər.
Şirkət məsələ ilə bağlı məlumatları şərh etməyib. Həmkarlar ittifaqı isə maaşların uzun müddət artırılmamasının işçilərin alıcılıq qabiliyyətini 2030-cu ilin sonunadək təxminən 10 faiz və ya daha çox azalda biləcəyini bildirir.
“Volkswagen” daha əvvəl dünya üzrə 50 minədək iş yerinin ixtisarını və bəzi müəssisələrin bağlanması ehtimalını əhatə edən qənaət planlarını açıqlayıb. Maaşların dondurulması təşəbbüsü avtomobil sənayesində xərclərin azaldılması və əməkhaqqı danışıqları ilə bağlı gərginliyi artırır.
