Norveç hökuməti uşaqlar üçün təhlükə yarada biləcək sosial şəbəkələrdən, eləcə də bəzi oyun platformalarından və mesajlaşma xidmətlərindən istifadə üçün minimum yaş həddini 16 müəyyən etməyi planlaşdırır.
NTV xəbər verir ki, yeni qanun “TikTok”, “Snapchat”, “Roblox” və “YouTube” platformalarına da şamil oluna bilər. Uşaq və ailə məsələləri üzrə nazir Lene Voqslidin sözlərinə görə, bəzi oyun platformaları məzmunun idarə olunması alqoritmlərindən və uşaqlara yönəlmiş reklam mexanizmlərindən istifadə etməklə faktiki olaraq sosial şəbəkə funksiyasını yerinə yetirir.
Hökumət bildirir ki, təşəbbüsün əsas məqsədi yetkinlik yaşına çatmayanların emosional, zehni və fiziki inkişafını qorumaq, eləcə də onların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etməkdir.
İstifadəçilərin yaşının yoxlanılması şirkətlərin öz öhdəsinə buraxılacaq. Şirkətlər bu zaman şəxsi məlumatların məxfiliyinə dair tələblərə də əməl etməlidir. Bununla yanaşı, 16 yaşına çatmayan uşaqların icazə verilən xidmətlər vasitəsilə internetdə bir-biri ilə ünsiyyət qurmaq imkanı saxlanılacaq.
Qanun layihəsinin 2026-cı ilin sonunadək Norveç parlamentinə təqdim edilməsi, 2027-ci ildə isə qüvvəyə minməsi planlaşdırılır.
