Xərçəngə qarşı hazırlanmış yeni fərdiləşdirilmiş peyvəndin klinik sınaqları ümidverici nəticələr göstərib. Peyvəndin immunoterapiya preparatı ilə birlikdə tətbiqi dəri xərçənginin təkrarlanması və ya xəstələrin həyatını itirməsi riskini 42 faiz azaldıb.
NTV BBC-yə istinadla xəbər verir ki, genişmiqyaslı klinik sınaq zamanı yeni müalicə üsulunun melanomanın - dəri xərçənginin bir növünün orqanizmin digər hissələrinə yayılması riskini 2 il ərzində 38 faiz azaltdığı müəyyən edilib. Bu nəticələr yalnız immunoterapiya alan xəstələrlə müqayisə əsasında əldə olunub. Tədqiqatda iştirak edən alimlər nəticələrin xərçəngin müalicəsində mühüm dönüş nöqtəsi ola biləcəyini və fərdiləşdirilmiş tibbin inkişafına təkan verəcəyini bildiriblər.
Sınaqda şişi cərrahi əməliyyatla çıxarılmış 1137 yetkin xəstə iştirak edib. Onların hamısına immun sisteminin xərçəng hüceyrələrini aşkar edərək məhvinə kömək göstərən “Keytruda” immunoterapiya preparatı verilib. İştirakçıların təxminən üçdə ikisi əlavə olaraq eksperimental peyvənd qəbul edib, qalanlarına isə plasebo tətbiq olunub.
“Intismeran” adlanan yeni peyvənd bəzi COVID-19 vaksinlərində istifadə edilən mRNT texnologiyası əsasında hazırlanıb. Peyvənd hər bir xəstənin şişindən əldə olunan məlumatlara uyğun fərdi şəkildə hazırlanır. Məqsəd immun sisteminə xərçəng hüceyrələrini tanımağı və xəstəlik yenidən yarandıqda onlara qarşı mübarizə aparmağı öyrətməkdir. Müalicənin başlanmasından iki il sonra peyvənd qəbul edən xəstələrdə melanomanın təkrarlanması və orqanizmin digər hissələrinə yayılması hallarının daha az olduğu müəyyən edilib. Preparatı hazırlayan “MSD” və “Moderna” şirkətləri eyni yanaşmanın böyrək, sidik kisəsi və ağciyər xərçəngi də daxil olmaqla digər şiş növlərinə qarşı da sınaqdan keçirildiyini açıqlayıb.
