satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclis “Aqrar sahə haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul edib

Milli Məclis “Aqrar sahə haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul edib

Azərbaycan parlamenti “Aqrar sahə haqqında” yeni qanunun layihəsini birinci oxunuşda təsdiqləyib.

NTV xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrın 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi aqrar sahənin, ərzaq təhlükəsizliyinin və kənd yerlərinin dayanıqlı inkişafı, sahənin iqlim dəyişikliklərinə adaptasiyası və torpaqlardan səmərəli istifadə üçün dövlət tənzimləməsi və dəstəyinin hüquqi əsaslarını müəyyən edir.

Sənəd layihəsində 47 anlayış ilk dəfə qanun səviyyəsində vahid sistem şəklində müəyyən edilir. Aqrar məhsulun ilkin və sənaye emalı arasındakı sərhəd konkret texnoloji əməliyyatlarla aydınlaşdırılır. Bu, dəstək və güzəştlərin hansı fəaliyyətə şamil olunduğunu dəqiq müəyyən etməyə imkan verir. İstehsal üsulları və müqavilə əsaslı istehsal da hüquqi anlayış kimi təsbit olunur.

"Aqrar məhsul istehsalçısı” anlayışı daxilində iki kateqoriya ayrılır: sahibkarlıq məqsədli "fermer" və ailə-kəndli təsərrüfatını əhatə edən "digər istehsalçı". Dövlət dəstəyinin 12 aləti ilk dəfə qanunda göstərilir: subsidiya, güzəştli kredit və lizinq, qrant, investisiya, vergi-gömrük güzəştləri, sığorta, dövlət zəmanəti, dövlət-özəl tərəfdaşlığı və s. Dəstək Sistemin məlumatları və istehsalçıların reytinq sistemi əsasında göstərilir. Reytinq sistemi iqtisadi səmərəliliyi və vəsaitdən təyinatı üzrə istifadəni qiymətləndirir, bu da dəstəyin ünvanlı və nəticəyönümlü olmasını təmin edir. Aqrar Subsidiya Şurası qanun səviyyəsində təsbit olunur.

Qanun layihəsində dövlətin 32 istiqamət üzrə vəzifələri müəyyən edilir. Bunların sırasına vergi intizamı və maliyyə şəffaflığı, qeyri-formal məşğulluğun qarşısının alınması, qadın və gənclərin iştirakının dəstəklənməsi, bazar intervensiyası daxildir. Dövlət nəzarətinin 13 istiqaməti də müəyyən edilir və nəzarətin sahibkarlıq sahəsində yoxlamalara dair qanunun tələbləri nəzərə alınmaqla aparılması təsbit olunur. Aqrar elm və təhsilin prioritet istiqamətləri də müəyyən edilir.

Eyni zamanda, torpaq dövlət tərəfindən qorunan əsas istehsal vasitəsi elan olunur. Xırdalanmanın vahid əkin, konsolidasiya və kooperativləşmə yolu ilə azaldılması nəzərdə tutulur. İstifadəyə yararlı torpaqların istifadəsiz saxlanılmasının və əkin yerlərinin yandırılmasının qarşısı alınır, aqrokimyəvi xəritələr iqlim dəyişiklikləri nəzərə alınmaqla yenilənir. Su itkilərini azaldan suvarma sistemləri, bitki növləri üzrə suvarma normaları və sututarların yaradılması tənzimlənir. Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinin təsirinin azaldılması və adaptasiya tədbirləri tənzimlənir. Bu tədbirlərə yaşıl texnologiyalar, inteqrir bitki mühafizəsi, aşağı emissiyalı texnika, davamlı sort və cinslər, erkən xəbərdarlıq sistemləri daxildir.

Ərazinin bitki növləri və heyvan cinsləri üzrə rayonlaşdırılması və bunun dövlət dəstəyi zamanı nəzərə alınması müəyyən edilir. Növbəli və vahid əkin, aqrotexniki tələblər, yem payı və minimal kəsim çəkisi kimi mexanizmlər də nəzərdə tutulur. "Fitosanitar nəzarəti haqqında" Qanunun müddəaları uyğunlaşdırılaraq özəl bitki sağlamlığı xidmətlərinin hüquqi çərçivəsi yaradılır. Heyvan saxlayanların vəzifələri heyvanların rifahına dair beynəlxalq yanaşmalar nəzərə alınmaqla müəyyən olunur.

Torpaq konsolidasiyası, kooperasiya, müqavilə əsaslı istehsal, aqroparklar və aqroklasterlər, logistika infrastrukturu və aqroturizm kompleks yanaşma əsasında tənzimlənir. Satış yerlərinin növləri müəyyən edilir: bazar, yarmarka, fermer mağazası, səyyar satış yerləri, elektron platformalar. Aqrar kooperativlərə satış yerləri təşkil etmək və bazarlarda ticarət yerləri əldə etmək hüququ verilir. Müvafiq qurum tərəfindən göstərilən 30-dan artıq aqrar xidmət ilk dəfə qanunda vahid siyahı şəklində təsbit olunur.

Qanunun qəbulu ilə "Taxıl haqqında", "Çayçılıq haqqında", "Pambıqçılıq haqqında" və "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunlar ləğv edilir. Onların aktual müddəaları yeni qanuna daxil edilir. Digər sahəvi qanunlar qüvvədə qalır və "baza qanun xüsusi qanunlar" modeli çərçivəsində yeni qanunla əlaqələndirilir. Qanunun icrası üçün tətbiqi aktların qəbulu tələb olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM