Rumıniya Prezidenti Nikuşor Dan Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin mürəkkəbləşdiyini və ölkəsinin yeni təhdidlərə qarşı müdafiə imkanlarını gücləndirdiyini bildirib.
NTV xəbər verir ki, dövlət başçısı “Bloomberg” telekanalına müsahibəsində Rusiyanın Ukraynadakı müharibəni genişləndirməyə və digər Avropa ölkələrini təxribata çəkməyə çalışdığını deyib.
Prezidentin sözlərinə görə, son dövrlərdə Rumıniya ərazisinə pilotsuz uçuş aparatlarının daxil olması və Qara dənizdə ticarət gəmilərinə hücumlar regional təhlükəsizlik üçün ciddi risklər yaradır.
Nikuşor Dan bildirib ki, Rumıniya bu təhlükələrə cavab olaraq Avropa İttifaqının SAFE proqramı çərçivəsində müdafiə avadanlıqları sifariş edib. Yeni sistemlər ölkəyə çatdırılanadək NATO müttəfiqlərindən müvəqqəti müdafiə imkanları istənilib.
Dövlət başçısı qeyd edib ki, Rumıniya mümkün təxribatlara baxmayaraq, münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır.
Prezident Qara dənizdə ticarət gəmilərinə qarşı hücumların xüsusilə narahatedici olduğunu vurğulayıb. Onun fikrincə, belə hadisələr regionda mülki gəmiçiliyin təhlükəsizliyinin gücləndirilməsini zəruri edir.
Nikuşor Dan Ukraynada müharibənin başa çatması üçün aparılacaq danışıqlarda Kiyevin iştirakının vacibliyini də diqqətə çatdırıb.
Qeyd edək ki, Rumıniya Qara dənizin qərb sahilində yerləşən NATO və Avropa İttifaqı üzvüdür. Konstansa limanı regionun mühüm ticarət və nəqliyyat mərkəzlərindən biridir.
