Sudanda pilotsuz uçuş aparatları (PUA) vasitəsilə edilən hücumlar nəticəsində 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb
NTV “əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, hadisə bazar ertəsi axşam saatlarında Sudanın Cənubi Darfur vilayətinin inzibati mərkəzi, Çevik Dəstək Qüvvələrinin (ÇDQ) əsas dayaq məntəqələrindən biri olan Nyala şəhərində yerləşən bazarda baş verib.
Ölənlər arasında Sudan ordusuna qarşı döyüşən Çevik Dəstək Qüvvələrinin döyüşçülərinin də olduğu bildirilib.
Bundan əlavə, Çevik Dəstək Qüvvələrinin bu gün paytaxt yaxınlığındakı elektrik yarımstansiyasına dronlarla hücumu nəticəsində Xartum və əl-Cəzirə vilayətlərinin böyük hissəsində elektrik enerjisinin təchizatında pozuntuların olduğu qeyd olunub.
Bu hücumdan bir gün əvvəl də dronlarla beş elektrik stansiyasının hədəfə alındığı, nəticədə Sudanın şərqində geniş ərazilərdə elektrik enerjisinin verilişinin dayandığı haqqında məlumat verilib.
Qeyd edək ki, 2023-cü ilin aprelindən Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən silahlı qarşıdurma nəticəsində on minlərlə insan həlak olub, təxminən 13 milyon nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Ölkədə humanitar vəziyyət getdikcə ağırlaşır.
