Fransanın Baş Əmək Konfederasiyasının (CGT) baş katibi Sofi Bine noyabrın 17-də ölkə üzrə yeni tətil və etiraz aksiyalarının keçirilməsinə çağırıb. O, hökumətin minimum əməkhaqqını 1,6 faiz artırmaq qərarını yetərsiz hesab edərək, qiymət artımı fonunda bu addımın işçilərin tələblərini qarşılamadığını bildirib.
NTV xəbər verir ki, Franceinfo radiosuna müsahibəsində Bine dekabrın 1-dən qüvvəyə minəcək artım yanvarda gözlənilən avtomatik indeksləşdirmə nəzərə alındıqdan sonra işçilərə faktiki olaraq cəmi 5–8 avro əlavə gəlir gətirəcəyini qeyd edib. O, qaz qiymətlərinin 5,8 faiz artacağını xatırladaraq, mövcud qərarın əhalinin narazılığını aradan qaldırmayacağını vurğulayıb.
CGT rəhbəri Prezident Emmanuel Makronun sənaye siyasətini də tənqid edib, zavodların bağlanmasını və müəssisələrin fəaliyyətini dayandırmasını hökumətin müdaxiləsinin yetərsizliyi ilə əlaqələndirib. O, daha yüksək minimum əməkhaqqının kütləvi işsizliyə səbəb olacağı barədə xəbərdarlıqları da rədd edərək, İspaniya və Almaniyanın təcrübəsini nümunə göstərib.
CGT rəhbəri əməkhaqları ilə bağlı danışıqlarda konkret və məcburedici tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq, noyabrın 17-də aksiyalarla hökumətə təzyiq göstərilməsinə çağırıb.
