Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) alimlərinin həmmüəllifi olduğu, süni intellekt dövründə kiçik dövlətlərin strateji seçimlərinə həsr edilmiş beynəlxalq elmi monoqrafiyanın nəşri ilə bağlı dünyanın nüfuzlu akademik nəşriyyatlarından biri olan “Palgrave Macmillan” ilə müqavilə imzalanıb.
NTV xəbər verir ki, “Ölçü hələ də önəmlidirmi? Süni intellekt dövründə kiçik dövlətlərin strateji seçimlərinə yeni baxış” adlı monoqrafiyanın müəllifləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, UNEC-in dosenti, iqtisad üzrə fəlsəfə doktoru Nərgiz Hacıyeva və Münhen Texniki Universitetinin professoru Florian Ruppdur.
2027-ci ildə nəşri planlaşdırılan monoqrafiyada süni intellektin beynəlxalq münasibətlər sistemində dövlətlərin güc balansına, iqtisadi rəqabət qabiliyyətinə və strateji müstəqilliyinə təsiri araşdırılır.
Tədqiqatın əsasını müasir dövrdə dövlətin gücünün yalnız ərazisinin böyüklüyü, əhalisinin sayı və iqtisadi resursları ilə müəyyən edilməməsi ideyası təşkil edir. Müəlliflər süni intellekt texnologiyalarının kiçik dövlətlər üçün hansı yeni imkanları yaratdığını, eyni zamanda texnoloji asılılıq və rəqəmsal bərabərsizlik kimi çağırışları necə gücləndirdiyini təhlil edəcəklər.
Monoqrafiyada Azərbaycan da daxil olmaqla müxtəlif regionlardan seçilmiş dövlətlərin təcrübəsi müqayisəli şəkildə öyrəniləcək, süni intellektin dövlət idarəçiliyi, milli təhlükəsizlik, iqtisadi inkişaf və beynəlxalq rəqabətdə rolu qiymətləndiriləcək.
Əsərin əsas elmi yeniliklərindən biri kiçik dövlətlərin süni intellekt imkanlarını mənimsəməsi, milli şəraitə uyğunlaşdırması və strateji üstünlüyə çevirməsi proseslərinin yeni nəzəri çərçivədə araşdırılmasıdır. Müəlliflər süni intellekt dövründə kiçik dövlətlərin böyük dövlətlərdən texnoloji asılılığının azaldılması və strateji manevr imkanlarının genişləndirilməsi məsələlərinə də xüsusi diqqət ayıracaqlar.
Qeyd edək ki, “Palgrave Macmillan” iqtisadiyyat, siyasət, beynəlxalq münasibətlər və sosial elmlər sahəsində nüfuzlu akademik nəşriyyatlardan biridir. Nəşriyyatın kitabları beynəlxalq elmi ictimaiyyətə təqdim olunur və müvafiq seçim meyarlarına uyğun olaraq “Scopus” və “Web of Science” kimi beynəlxalq elmi bazalarda indeksləşdirilə bilir.
Yeni monoqrafiyanın hazırlanması UNEC-in süni intellekt sahəsində elmi tədqiqatlarının beynəlxalq səviyyədə inkişafı, universitetlərarası akademik əməkdaşlığın genişlənməsi və Azərbaycan elminin qlobal akademik mühitdə təmsilçiliyi baxımından əhəmiyyətli təşəbbüsdür.
