Valideynlərin və eyni evdə yaşayan digər şəxslərin siqaretdən istifadə etməsi yeniyetmələrin tütündən, alkoqoldan, marixuanadan və digər psixoaktiv maddələrdən asılılığına şərait yaradır. Bu nəticə Amerika Birləşmiş Ştatlarının Filadelfiya Uşaq Xəstəxanasının tədqiqatçılarının apardıqları araşdırma zamanı əldə olunub.
NTV xəbər verir ki, tədqiqatın nəticəsi “Pediatrics” elmi jurnalında dərc edilib.
Bildirildiyinə görə, araşdırma çərçivəsində 2025-ci ilin yanvarından 2026-cı ilin mayınadək 60 min 69 yeniyetmənin sağlamlıq məlumatları təhlil olunub. Tədqiqatçılar valideynlərin və qəyyumların tütündən istifadə ilə bağlı cavablarını yeniyetmələrin məxfi sağlamlıq anketlərindəki məlumatlarla müqayisə ediblər. Məlum olub ki, evdə həm valideyn, həm də başqa bir yetkin şəxs tütün və ya elektron siqaret istifadə etdikdə yeniyetmələrin zərərli vərdişlərə meyilliliyi daha yüksək olur. Belə ailələrdə yeniyetmələrin 23,5 faizi tütün və ya nikotindən istifadə etdiyini bildirib. Yalnız valideynin və ya qəyyumun tütündən və ya elektron siqaretdən istifadə etdiyi evlərdə bu göstərici 13,5, təkcə başqa bir yetkin şəxsin istifadə etdiyi evlərdə 11,8, evdə heç kimin istifadə etmədiyi ailələrdə isə 2 faiz təşkil edib.
Tədqiqatçılar oxşar tendensiyanın alkoqol, marixuana və digər maddələrin istifadəsində də müşahidə olunduğunu bildiriblər.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də valideynlərin elektron siqaret istifadəsi ilə bağlı olub. Məlum olub ki, yalnız valideynin veyp çəkdiyi ailələrdə yeniyetmələrin tütün və nikotin məhsullarından istifadə ehtimalı evdə heç kimin bu məhsullardan istifadə etmədiyi ailələrlə müqayisədə 5,6 dəfə yüksəkdir. Valideynin yalnız adi siqaret çəkdiyi ailələrdə isə bu göstərici 2,6 dəfə olub.
Tədqiqatın aparıcı müəllifi, Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin pediatriya üzrə dosenti Brayan Jenssen bildirib ki, məişətdə tütün və elektron siqaret istifadəsi yalnız böyüklərin sağlamlığı ilə bağlı məsələ deyil, yeniyetmələrin zərərli maddələrdən istifadəsi baxımından da mühüm risk amilidir.
Mütəxəssislər hesab edirlər ki, valideynlərin zərərli vərdişlərdən uzaq durması və uşaqlar üçün sağlam ailə mühitinin yaradılması yeniyetmələrdə tütün, alkoqol və digər maddələrdən istifadənin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.
