Almaniyanın paytaxtı Berlində NATO Parlament Assambleyasının (PA) 72-ci illik sessiyası keçirilib.
NTV xəbər verir ki, noyabrın 20-dən 23-dək davam edən sessiyada Alyansa üzv 32 ölkənin, həmçinin tərəfdaş dövlətlərin nümayəndə heyətləri iştirak ediblər.
Sessiya çərçivəsində müttəfiqlərin dayanıqlığının gücləndirilməsi, terrorçuluqla mübarizə, sualtı infrastrukturun qorunması, müdafiə innovasiyalarının sürətləndirilməsi, transatlantik enerji təhlükəsizliyi, Hindistanla əməkdaşlıq və parlament diplomatiyasının rolu, Ukraynanın müharibə dövründə müdafiə təchizatı və digər mövzular müzakirə olunub.
Tədbirdə çıxış edən NATO-nun Baş katibi Mark Rutte Alyansın üzləşdiyi çağırışlardan, müdafiə xərclərinin artırılması zərurətindən, müdafiə sənayesinin gücləndirilməsindən, Ukraynaya dəstəyin davam etdirilməsindən və müttəfiqlərin dayanıqlığının artırılmasından danışıb.
Təqdim olunan komitə hesabatlarında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb.
Sessiyada deputat Ramid Namazovun rəhbərlik etdiyi Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti, həmçinin Azərbaycanın NATO yanında Nümayəndəliyi (rəhbəri Cəfər Hüseynzadə) iştirak edib.
