Fransanın Yuxarı Marn departamentində yerləşən Şomon gömrük briqadasında irqçilik, təqib və nasist simvolikasından istifadə ilə bağlı iddialar gündəmə gəlib. “Mediapart” nəşrinin dərc etdiyi araşdırmada bir sıra əməkdaşların davranışları və rəhbərliyin bu hallara reaksiyası barədə məlumatlar yer alıb.
NTV xəbər verir ki, nəşrin məlumatına görə, 2022-ci ilin yanvarında briqadanın binasında çəkilmiş videoda bir neçə əməkdaşın müsəlmanları namaz çağırışı fonunda ələ saldığı görünür. Cellaba geyinmiş əməkdaşlardan biri səcdə hərəkətləri edərək, nasist salamı verir və “Heil Hitler!” deyə qışqırır. “Mediapart” həmin şəxsin 2024-cü ilin sentyabrında briqada rəhbəri vəzifəsinə yüksəldildiyini bildirir. Digər görüntülərdə onun svastikalı corablar geyindiyi və Hitlerə bənzər bığ saxladığı iddia olunur.
Araşdırmada xidməti şəraitdə irqçi ifadələrin işlədilməsi, Qərb mənşəli qadın əməkdaşın təqibə məruz qalması, həmçinin homofob və seksist ifadələr barədə şahid ifadələri də yer alıb. İddialara görə, rəhbərliyə ilk şikayətlər 2021-ci ildən təqdim edilib, 2022-ci ildə isə profilaktik tibb həkimi tərəfindən xəbərdarlıq olunub. Lakin inzibati araşdırmanın yalnız bir neçə il sonra başladıldığı bildirilir.
“Mediapart”ın məlumatına görə, briqadanın keçmiş rəhbəri iki il müddətinə xidmətdən kənarlaşdırılıb, bunun bir ili şərti olub. Digər əməkdaşa üçgünlük kənarlaşdırma cəzası verilib, daha iki intizam işi isə davam edir. İddiaları açıqlayan əməkdaşlar özlərinin təcrid olunduqlarını bildirirlər.
“İrqçi və nasist ideologiyasına sahib insanların işdən uzaqlaşdırılması üçün nəinki iradə yoxdur, həm də bu halların qarşısını almaq üçün heç nə edilmir. Bunları ifşa edənlər isə təzyiqlərə məruz qalırlar”, – deyə gömrük əməkdaşlarından biri bildirib.
