Naxçıvanı təmsil edən qadın voleybolçulardan ibarət "Möminə Xatun" klubunun adı dəyişdirilib.
Muxtar respublika təmsilçisindən NTV-yə verilən məlumata görə, komanda bundan sonra “Naxçıvan” adlanacaq.
Bildirilib ki, bu qərar son illər Naxçıvanda həm qadın, həm də kişi voleybolunun sistemli inkişafı və perspektivləri nəzərə alınaraq gələcəkdə hər iki istiqamət üzrə peşəkar voleybolun vahid klub bazasında birləşə bilməsi və idarəetmənin optimallaşdırılması məqsədilə qəbul edilib: “Regionda idmanın kütləviliyini artırmaq, doğma diyarımızın adını turnirlərdə birbaşa və güclü şəkildə vurğulamaq, kişi və qadın voleybolçuları eyni ad altında birləşdirə bilmək məqsədilə klub rəhbərliyi tərəfindən mühüm rebrendinq, yəni, ad dəyişikliyi qərarı alınıb. Təsisçi və klub rəhbərliyinin ortaq qərarı və Azərbaycan Voleybol Federasiyasının razılığı ilə klubumuz bundan sonra fəaliyyətini "Naxçıvan" adı altında davam etdirəcək. Bu addım komandamızın həm yerli, həm də gələcəkdə beynəlxalq arenada Naxçıvanın vahid idman brendi kimi tanınmasına xidmət edəcək”.
Qeyd olunub ki, klub Naxçıvanın simvolı olan Möminə Xatun türbəsini və öz sevimli rənglərini yeni loqosunda qoruyub saxlayacaq, öz dəyərlərinə və ənənələrinə sadiq qalacaq.
Xatırladaq ki, “Naxçıvan” cari mövsümdən etibarən tarixində ilk dəfə olaraq qadınların Yüksək Liqada mübarizə aparacaq.
