Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində Avstraliya yığmasına qalib gələn Argentina seçməsi dörddəbir finala yüksəlib.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Əhməd ibn Əli” stadionunda oynanılan matçda ilk qolu Argentina millisi vurub. Qarşılaşmanın 35-ci dəqiqəsində Lionel Messi baxımlı qola imza atmaqla hesabı açıb. Fasiləyə Argetina millisi minimal üstünlüklə yollanıb.
Matçın 57-ci dəqiqəsində avstraliyalı qapıçı Metyu Rayanın səhvindən istifadə edən Julian Alvares komandasını hesabda önə keçirib. Görüşün 77-ci dəqiqəsində argentinalı yarımmüdafiəçi Entso Fernandes avtoqolla yadda qalıb. Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.
Beləliklə, görüş Argentina millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dörddəbir finala yüksələn komanda bu mərhələdə Niderland yığması ilə üz-üzə gələcək.
