satellite   Azerspace-1: 11135 H 30000

Anar Quliyev Yeni Şəhər Gündəliyinin icrasına dair iclas çərçivəsində panel müzakirələrinə qatılıb

Anar Quliyev Yeni Şəhər Gündəliyinin icrasına dair iclas çərçivəsində panel müzakirələrinə qatılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Nyu-Yorkdakı (ABŞ) mənzil-qərargahında Yeni Şəhər Gündəliyinin icrasına dair yüksəksəviyyəli iclas çərçivəsində "İnsanlar naminə fəaliyyət: münasibmənzil, torpaq resursları, əsas xidmətlər və inklüzivliyə çıxışın genişləndirilməsi" mövzusunda keçirilən paneldə çıxış edib.

NTV quruma istinadən xəbər verir ki, A.Quliyev bildirib ki, əhalinin əlçatan mənzillə təmin olunması dayanıqlı inkişaf üzrə qlobal gündəliyin əsas prioritetlərindən biridir.

Bu baxımdan, mayda Bakıda "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) mənzil məsələsi əsas müzakirə mövzularından biri olub. Forum mənzilin insan ləyaqətinin, sosial inklüzivliyin və dayanıqlı inkişafın əsas təməli olduğunu bir daha təsdiqləyib.

Komitə sədri Azərbaycanın əhalinin əlverişli mənzillə təmin edilməsi sahəsində təcrübəsini təqdim edib. Vurğulayıb ki,10 il əvvəl Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaradılıb və əhalinin mənzillə təmin olunmasına dair Yol Xəritəsi təsdiq edilib. Ötən dövr ərzində ölkənin 9 şəhərində 321 çoxmənzilli yaşayış binasını əhatə edən 14 layihə icra olunub və 16 000-dən çox mənzil istifadəyə verilib.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa prosesinə də toxunulub. A.Quliyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər yalnız infrastrukturun yenidən qurulması deyil, qayıdan sakinlər üçün layiqli yaşayış şəraitinin yaradılması, şəhər, qəsəbə və kəndlərin uzunmüddətli inkişafının təmin edilməsini də əhatə edir.

Qeyd olunub ki, son 6 ildə regionda ümumi sahəsi təxminən 3 000 000 m² olan müxtəlif təyinatlı tikinti obyektləri istifadəyə verilib, 16 000 ailə üçün çoxmənzilli və fərdi yaşayış evləri inşa edilib. Hazırda isə həyat 10 şəhər, 3 qəsəbə və 30 kənddə bərpa olunub, bu yaşayış məntəqələrində 90 000-dən çox insan yaşayır.

Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) "Hər kəs üçün münasib mənzil" qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun fəaliyyətindən söz açılıb. Azərbaycan və Somalinin həmsədrlik etdiyi İşçi Qrupun Azərbaycanın mənzil sahəsində beynəlxalq əməkdaşlığın inkişafına bundan sonra da fəal dəstək verməyə hazır olduğu qeyd edilib.

Çıxışının sonunda A. Quliyev vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) və BMT Baş Assambleyasının yüksəksəviyyəli iclasının əsas nəticəsi eynidir: mənzil siyasəti kompleks yanaşmaya əsaslanmalı, görülən tədbirlər inklüziv olmalı, uzunmüddətli inkişafın təməli bərpa və ərazi planlaşdırılması prosesinin ən erkən mərhələlərində qoyulmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM