Hörmüz böhranı davam edərsə, “Brent” markalı xam neftin bir barelinin qiyməti cari ilin sonuncu rübündə 120 dollardan yuxarı qalxa bilər.
NTV xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” çıxış edib.
“Goldman Sachs” bunun əsas ssenari olmadığını vurğulayaraq Yaxın Şərqdəki gərginliyin azalması vəziyyətində “Brent” neftinin ilin son rübündə 80 dollar, gələn il isə 75 dollar ətrafında olacağını gözləyir.
Bankın analitikləri Yaxın Şərqdəki münaqişələrin kəskinləşməsinin və Körfəzdən neft axınının müharibədən əvvəlki səviyyələrin 45 faizindən aşağı düşməsinin qiymətləri yenidən yüksəltdiyini bildirirlər. “Goldman Sachs”a görə, Hörmüz boğazında daşınmalarda fasilələr və Qırmızı dənizdə potensial təchizat fasilələri səbəbindən neft qiymətləri üçün risklər yüksəlir.
İkinci rübdə qlobal neft ehtiyatlarının azalmasının bazarı təchizat şoklarına qarşı daha həssas etdiyi, lakin Çinin neft idxalının azalması və tələbatın qiymətlərdəki dayanıqlığı məhdudlaşdıra biləcəyini qeyd olunub. Bank Yaxın Şərq və Rusiyadan gələn geosiyasi risklərdən qorunmaq istəyən investorlara 2026-cı ilin dekabrından 2027-ci ilin martına qədər olan Avropanın dizel yanacağı bazarında uzunmüddətli mövqelər tutmağı tövsiyə edib.
Analitiklər müharibədən əvvəl dizel yanacağı bazarının artıq sıx olduğunu, Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarının davam etdiyini və qasırğaların, həddindən artıq istilərin və gecikmiş texniki xidmət işlərinin təchizat üçün əlavə risklər yaratdığını qeyd ediblər.
Qeyd edək ki, ABŞ və İran arasında yenidən baş verən qarşıdurmalar və İranın dəstəklədiyi husi üsyançılarının Səudiyyə Ərəbistanından gələn neft daşımalarını bloklamaq təhdidi səbəbindən qlobal enerji bazarları bu ay kəskin dalğalanmalarla üzləşib. Bu proseslər neft qiymətləri gözləntilərinin pisləşməsinə səbəb olub.
